Logo

Tarixçi-alim Mahmud İsmayılovun 105 illiyinə həsr edilən tədbir keçirilib

29.10.2025 17:59 29 baxış
IMG

Oktyabrın 29-da AMEA-nın Tarix və Etnologiya İnstitutunda görkəmli alim, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Mahmud İsmayılovun 105 illiyinə həsr edilən tədbir keçirilib.

İnstitutdan bildirilib ki, tədbiri bu müəssisənin elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq, Mahmud İsmayılovun Azərbaycan tarix elminin inkişafında rolundan, zəngin elmi fəaliyyətindən və pedaqoji irsindən bəhs edib. Qeyd edib ki, Mahmud İsmayılov ömrünü xalqımızın keçmişinin araşdırılmasına, milli tariximizin elmi əsaslarla tədqiqinə həsr etmiş görkəmli alimlərdən biridir.

Tədbirdə akademik Nərgiz Axundova, tarixçi-alimlərdən professor Hacı Həsənov, professor İradə Bağırova, dosent Cəbi Bəhramov, dosent Zeynəb Qafarova, dosent Güllü Yoloğlu, tarix üzrə fəlsəfə doktorları Mübariz Ağalarlı, Aygün Əzimova alimlə bağlı xatirələrin bölüşüblər. Bildirilib ki, professor Mahmud İsmayılov Azərbaycan tarix elmində özünəməxsus məktəb formalaşdırıb. Onun tədqiqatlarında orta əsrlər tarixi, sosial-siyasi proseslər, mənbəşünaslıq məsələləri geniş yer tutub.

Çıxış edənlər alimin elmi fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyətini də diqqətə çatdırıblar. Qeyd olunub ki, Mahmud İsmayılov gənc tarixçilərin yetişməsində, yeni elmi düşüncənin formalaşmasında mühüm rol oynayıb.

Tədbirdə, həmçinin “Şimali Azərbaycan XIX – XX əsrin əvvəlləri iqtisadiyyatı Mahmud İsmayılovun elmi yaradıcılığında”, “Qarabağ problemi Mahmud İsmayılovun əsərlərində”, “Mahmud müəllim və XIX – XX əsrin əvvəlləri Şimali Azərbaycan azadlıq hərəkatının tarixi problemləri” mövzularında məruzələr dinlənilib.

Alimin oğlu - fəlsəfə üzrə fəlsəfə doktoru İlham İsmayılov atasının xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.

Xəbər lenti