Logo

Elmi Şurada UNEC-ə qəbulun nəticələri müzakirə olunub

29.10.2025 18:01 42 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın əsas müzakirə mövzusu 2025/2026-cı tədris ili üzrə UNEC-ə qəbulun nəticələri barədə olub.

İlk olaraq UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Söhrab İsayev 2025/2026-cı tədris ilində UNEC-ə bakalavriatura və magistratura səviyyələri üzrə qəbul nəticələri barədə hesabatla çıxış edib. Bildirilib ki, hər iki təhsil səviyyəsi üzrə qəbul planı uğurla həyata keçirilib. Universitetə bakalavriatura üzrə 3738, magistratura üzrə 1046, MBA proqramına isə 1437 tələbə qəbul olub. UNEC-ə 600 və daha yüksək bal toplayan abituriyentlərin sayı 307 nəfər təşkil edib. Hesabatda ixtisas qrupları, tədris dilləri, fakültələr və qəbul balları üzrə nəticələr ətraflı təqdim olunub.

Sonra Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev təkrar ali təhsilə qəbul barədə məlumat verib. Qeyd edib ki, bu istiqamət üzrə qəbul son illərdə artan dinamika ilə davam edir. Belə ki, ötən illə müqayisədə qəbul iki dəfə, son 5 illə müqayisədə isə 5 dəfə artaraq 541 nəfərə çatıb. Təkrar ali təhsilə ümumilikdə 15 ixtisas üzrə qəbul aparılıb, ən çox tələbə isə “Dövlət və bələdiyyə idarəetməsi”, “Maliyyə” və “Menecment” ixtisasları üzrə olunub.

Elmi Şura cari məsələlərinin müzakirəsi ilə davam edib.

Rektorun müşaviri, dosent Elşən Bağırzadə elmi fəaliyyətin stimullaşdırılması məqsədilə tətbiq olunan Differensial Əməkhaqqı Sistemi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb. Həmçinin nüfuzlu elmi nəşrlərə görə mükafatlandırma, eləcə də Scopusda istinadlara görə birdəfəlik mükafatlandırma qaydalarının yenilənməsi ilə bağlı təkliflər səsləndirib. Müzakirələrdən sonra təkliflər Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Elmi Şuranın qərarı ilə UNEC Süni İntellekt İnstitutu və Data Menecment şöbəsi yaradılıb. Təhsil və elmdə süni intellekt sahəsində təşəbbüsləri stimullaşdırmaq məqsədilə isə Süni İntellektin Tətbiqinə dair mükafat təsis edilib.

İclasda həmçinin dosent və professor seçkilərinin iki pilləli keçirilməsi barədə qərar qəbul olunub.

Müzakirələrdən sonra bir qrup əməkdaşa dosent elmi adının verilməsi üçün səsvermə keçirilib. “Biznes və logistika” kafedrasının müdiri Məhəmməd Əliyev isə UNEC-in Fəxri professoru adına layiq görülüb.

Xəbər lenti