Logo

Akademik Rafael Hüseynov BDU tələbələri üçün ustad dərsi keçib

29.10.2025 11:59 33 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində akademik Rafael Hüseynovun “Azərbaycanda şərqşünaslıq elmi, şərqşünaslıq təhsilinin inkişaf mərhələləri və perspektivləri” mövzusunda ustad dərsi keçirilib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, akademik Rafael Hüseynov universitetin Şərqşünaslıq fakültəsinin tarixi, 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şərqşünaslıq elminin və təhsilinin inkişafında rolu barədə məlumat verib. O, Şərqşünaslıq fakültəsinin ilk məzunlarının 1930-1940-cı illərdə Azərbaycan elmi və mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

Akademik qeyd edib ki, 1940-cı illərin ikinci yarısından etibarən Şərqşünaslıq fakültəsinin inkişafında yeni mərhələ başlayıb. O, fakültənin tarixində silinməz izlər qoymuş görkəmli pedaqoq və alimlər - Rəhim Sultanov, Ələsgər Məmmədov, Mübariz Əlizadə, Aida İmanquliyeva, Əhməd Şəfai və digərlərinin elm və təhsil sahəsində xidmətlərindən danışıb. Azərbaycan şərqşünaslıq elmi və təhsilini günün tələblərinə uyğun olaraq yeni səviyyəyə yüksəltmək barədə fikirlərini bildirib.

Sonda akademik Rafael Hüseynov tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti