Logo

NDU-da “Şərq qapısı” qəzetinin baş redaktoru ilə görüş olub

30.10.2025 16:30 38 baxış
IMG

Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın jurnalistika, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarında təhsil alan tələbələrlə görüşü keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nicat Yaqubov jurnalistika ixtisasında təhsil alan tələbələrin kadr hazırlığı haqqında məlumat verib. Prorektor bildirib ki, NDU-nun jurnalistika ixtisasını bitirən tələbələri bu gün ölkənin və muxtar respublikanın aparıcı mətbuat orqanlarında fəaliyyət göstərirlər. Vurğulanıb ki, muxtar respublikanın qocaman mətbu orqanı olan “Şərq qapısı” qəzetində də NDU-nun məzunları çalışır və bu gün öz imzası ilə seçilən məzunların ali təhsil ocağında qonaq olaraq iştirakı uğurlu təşəbbüsdür. Həmçinin NDU ilə “Şərq qapısı” qəzeti arasında səmərəli əməkdaşlığı qeyd edən Nicat Yaqubov bu görüşün tələbələrin çap mediasına marağının stimullaşdırılmasına da dəstək olacağını söyləyib.

Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə ali təhsil ocağında davamlı olaraq tələbələrin nəzəri və praktiki biliklərini artırmaq, onlara öz potensiallarını aşkarlayıb inkişaf etdirmək məqsədilə belə görüşlərin, təlimlərin keçirildiyini qeyd edib, qonaqlar haqqında görüş iştirakçılarına məlumat verib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova, baş redaktor müavini, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Məmməd Babayev görüşdən məmnunluq ifadə ediblər. Tələbələrə “Şərq qapısı” qəzetinin tarixi, fəaliyyəti və iş prinsipi haqqında məlumat verilib. Qonaq jurnalistlər peşə etikası, çap mediasında yazıların üslubu, etibarlı mənbələrdən istifadə, dezinformasiyanın qarşısının alınması, eləcə də oxucu marağının formalaşdırılması kimi mövzularda əsaslı qaydalardan danışıb, öz peşə təcrübələrini tələbələrlə bölüşüb və gələcək həmkarlarına bu sahənin karyera imkanlarından bəhs ediblər.

Tələbə-jurnalist və “Şərq qapısı” qəzetinin əməkdaşı Rafiq Təhməzovun moderatorluğu ilə keçirilən görüşdə Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimlərinin fikirləri dinlənilib, tələbələrin sualları cavablandırılıb.

 

Xəbər lenti