Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “İlham Əliyev və yaşıl dünya naminə Azərbaycan” (çap və elektron sənəd-informasiya resursları) adlı biblioqrafik göstərici işıq üzü görüb.
MEK-dən bildirilib ki, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və AMEA Rəyasət Heyətinin qərarına əsasən hazırlanmış biblioqrafik nəşrdə Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi dövlət siyasəti, bu istiqamətdə qəbul edilmiş normativ-hüquqi sənədlər, eləcə də qlobal iqlim dəyişmələri ilə bağlı çıxış və təşəbbüsləri sistemləşdirilmiş şəkildə təqdim edilib.
Biblioqrafik göstərici ekoloji siyasət, yaşıl inkişaf, qlobal ekoloji təşəbbüslərdə Azərbaycanın mövqeyi və liderliyini öyrənmək istəyən tədqiqatçılar, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş mühüm elmi-informasiya mənbəyidir.
Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur.