Akademik Əli Abbasovun rəhbərliyi ilə Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin birgə tərtib etdiyi xüsusi süni intellekt (Sİ) sistemi vasitəsilə, Azərbaycan elminin görkəmli siması, AMEA-nın 2-ci prezidenti, akademik Yusif Məmmədəliyevin (1905–1961) adından hazırlanmış təbrik çıxışı AMEA-nın 80 illik yubiley tədbirində nümayiş etdirilib.
İdarəetmə Sistemləri İnstitutundan bildirilib ki, bu layihə Azərbaycanın görkəmli şəxsiyyətinin xatirəsini müasir texnologiyalar vasitəsilə canlandırmaqla yanaşı, ölkəmizdə süni intellektin təbii dil emalı (NLP) və səs sintezi imkanlarının nə dərəcədə inkişaf etdiyini nümayiş etdirir.
Təqdimat Yusif Məmmədəliyevin elmi irsinə və şəxsiyyətinə ehtiram ifadə etməklə bərabər, İdarəetmə Sistemləri İnstitutunun fundamental və tətbiqi Sİ araşdırmalarındakı nailiyyətlərini əks etdirir. Sİ sisteminin, uzun illər əvvəl vəfat etmiş bir şəxsin üslubuna uyğun mətn hazırlamaq və onu inandırıcı şəkildə səsləndirmək qabiliyyəti, rəqəmsal tarixşünaslıq və mədəni irsin qorunmasında yeni perspektivlər açır.
Qeyd etmək lazımdır ki, Sİ layihəni hazırlayarkən akademikin dövrünə xas olan dil xüsusiyyətlərini və natiqlik üslubunu nəzərə alıb.
Bu təşəbbüs rəqəmsal inkişaf və süni intellekt strategiyasının vacib bir hissəsi olaraq, elm və texnologiyanın humanitar və tarixi dəyərlərlə inteqrasiyasına xidmət edir.