Logo

Ümumi təhsildə media savadlılığının əhatə olunması məqsədilə müəllimlər üçün TOT seminarı keçirilib

03.11.2025 18:16 50 baxış
IMG

“Media savadlılığı” həftəsinə hazırlıq çərçivəsində ümumi təhsildə media savadlılığının əhatə olunması məqsədilə Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müəllimlər üçün TOT seminarı keçirilib.
 

Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, müvafiq sahədə görülən işlərin effektivliyinin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə Agentlik tərəfindən davamlı tədbirlər həyata keçirilir.
 

Daha sonra Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva “Təhsildə media savadlılığı: beynəlxalq təcrübə və yerli tətbiq perspektivləri” mövzusunda çıxış ediblər. 
 

Seminar çərçivəsində Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova “Saxta məlumatların müəyyənləşdirilməsi üsulları, etibarlı mənbəni necə tapmalı?” mövzusunda, həmin kafedranın dosenti Könül Niftəliyeva isə “Media savadlılığının tədrisi: metodika və effektiv yanaşmalar” mövzusunda seminar iştirakçıları ilə fikir mübadiləsi aparıblar. 
 

“Mediada rəqəmsal izlər: istehsalçı və istehlakçı davranışı” mövzusunda təşkil olunan sessiyada isə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tərəfindən “rəqəmsal iz” anlayışının mahiyyəti, onun media savadlılığının əsas komponentlərindən biri kimi əhəmiyyətindən bəhs edilib. 

ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Tiffany J. Bell “Yanlış narrativlərin aşkarlanması və mediada mesajları anlama” mövzusunda çıxış edib. O, dezinformasiya və manipulyativ məzmunların aşkarlanması, rəqəmsal mühitdə düzgün informasiya istehlakçısı olmağın yolları, həmçinin ictimai rəyin formalaşmasında media mesajlarının təsir mexanizmləri barədə danışıb.
 

Seminar çərçivəsində sosial medianın yeniyetmə və gənclərə psixoloji təsirləri, media savadlılığının effektiv tədrisi ilə bağlı praktiki psixoloji metodlar barədə də danışılıb.  
 

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbər lenti