Logo

Prezidentdən alimlərə çağırış: XXI əsrin elmi yarışında geri qalmaq olmaz

03.11.2025 16:01 756 baxış
IMG

 

Prezidentdən alimlərə çağırış: XXI əsrin elmi yarışında geri qalmaq olmaz

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, Prezidentin “dünyadakı elmi və texnoloji inkişafdan geri qalmamalıyıq” çağırışı sadəcə siyasi bəyanat deyil, strateji xəbərdarlıqdır. Bu çıxış Azərbaycanın elm və təhsil sisteminin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm mesajlar verir. Ekspert qeyd edir ki, “bu çağırış həm universitetlər, həm kolleclər, həm də Milli Elmlər Akademiyası üçün fəaliyyətin prioritetlərini yenidən düşünmək, elmi idarəetməni səmərəliləşdirmək zərurətini gündəmə gətirir.”

Kamran Əsədov bildirir ki, XXI əsrdə elmin əsas gücü bilikdən çox, bilik istehsalının sürətindədir. “Hazırda dünyada elmi bilik hər 73 gündə ikiqat artır. Yəni, əgər biz elmi və texnoloji yeniliklərin istehsalında iştirak etməsək, sadəcə istehlakçı mövqeyində qalacağıq,” – deyə ekspert sitat gətirir.

Azərbaycanın ali və orta ixtisas təhsili sistemi bu çağırışa cavab vermək üçün ciddi islahatlara ehtiyac duyur. “Hazırda ölkədə 51 ali, 61 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Lakin bu say keyfiyyətlə mütənasib deyil. Bir çox universitetlərdə elmi fəaliyyət zəifdir, tədqiqat mərkəzləri yoxdur, beynəlxalq elmi dövriyyəyə qoşulma səviyyəsi çox aşağıdır,” – Kamran Əsədov qeyd edir.

Ekspertin fikrincə, Azərbaycan universitetlərinin bir qismi hələ də “dərs keçmə” prinsipi ilə işləyir, halbuki dünyanın inkişaf etmiş ölkələrində universitetlərin əsas missiyası “bilik yaratmaq” və onu kommersiyalaşdırmaqdır. Məsələn, Cənubi Koreya universitetlərinin 68%-i texnoparklarla əməkdaşlıq edir, Almaniyada elmi tədqiqatların 45%-i birbaşa universitetlərdə həyata keçirilir. Azərbaycanda bu göstərici cəmi 6-7% civarındadır.

Kamran Əsədov qanunvericiliyə uyğun olaraq qeyd edir ki, “Azərbaycan Respublikasının Elm və Ali Təhsil haqqında Qanunu”nun 3-cü maddəsinə əsasən, elm sahəsində dövlət siyasətinin əsas məqsədi elmi potensialın artırılması və cəmiyyətin innovativ inkişafına xidmət etməkdir. “Amma bu məqsədlə reallıq arasında fərq böyükdür. Universitetlərdə elmi fəaliyyətin təşkili mexanizmləri zəif, tədqiqat maliyyələşməsi az, elmi nəticələrin tətbiqi isə demək olar ki, yoxdur,” – ekspert bildirir.

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, hazırda Azərbaycanda elmi tədqiqatlara ÜDM-in təxminən 0,2%-i ayrılır. Müqayisə üçün, Finlandiyada bu rəqəm 3,2%, İsraildə 5%, ABŞ-da isə 2,8% civarındadır. “Biz bu göstəricilərlə dünyada ilk 60-lığa belə daxil ola bilmirik. Elmə ayrılan maliyyə resursları kifayət qədər deyil və mövcud resurslardan da səmərəli istifadə olunmur,” – ekspert sitat gətirir.

Kamran Əsədov bildirir ki, XXI əsrin elmi artıq fərqli bir mərhələyə qədəm qoyub: süni intellekt, biotexnologiya, gen mühəndisliyi, kvant kompüterləri və rəqəmsal təhsil kimi sahələr ölkələrin iqtisadi və sosial üstünlüyünü müəyyənləşdirir. “Azərbaycan bu istiqamətdə milli prioritetlər müəyyən etməli, elmi tədqiqatları strateji məqsədlərlə əlaqələndirməlidir. Məsələn, kənd təsərrüfatı, enerji, su resursları və iqlim dəyişiklikləri üzrə ixtisaslaşmış tədqiqat mərkəzləri yaradılmalıdır.”

Ekspert əlavə edir ki, kolleclərin də rolu bu mənada çox mühümdür. “Peşə təhsili yalnız texniki işçi hazırlığı deyil, həm də tətbiqi elmin bazası olmalıdır. Finlandiyada kolleclərin 42%-i tədqiqat layihələrində iştirak edir, bizdə isə bu göstərici sıfıra yaxındır.”

Kamran Əsədov sitat gətirir ki, Prezidentin bu çağırışı həm də cəmiyyətə ünvanlanıb: “Elm və təhsil milli təhlükəsizlik məsələsidir. XXI əsrdə bilik istehsal etməyən millətlər sadəcə bazar rolunu oynayacaq.”

O, təklif edir ki, yaxın illərdə aşağıdakı istiqamətlərdə real addımlar atılmalıdır: universitetlərdə tədqiqat mərkəzlərinin şəbəkəsi qurulmalı, doktorantura proqramları beynəlxalq akkreditasiyadan keçməli, alimlərin elmi nəticələri üçün qrant müsabiqələri artırılmalıdır. Bundan əlavə, Elm və Ali Təhsil Nazirliyi nəzdində “Elmi Mükəmməllik Mərkəzi” yaradılaraq, beynəlxalq tədqiqatların əlaqələndirilməsi təmin edilməlidir.

Kamran Əsədov vurğulayır ki, “bizim universitetlərdə laboratoriya və texnopark mədəniyyəti formalaşmasa, heç bir beynəlxalq reytinqdə mövqeyimiz dəyişməyəcək. Biz artıq tədris yönümlü deyil, tədqiqat yönümlü ali təhsil sisteminə keçməliyik.”

Ekspert yekun olaraq bildirir ki, Prezidentin alimlərə çağırışı strateji hədəfdir — Azərbaycanı bilik iqtisadiyyatına çevirmək. “Bu, ancaq elmi mühitin azad, müstəqil və resursla təmin olunması ilə mümkündür. Əks halda, biz XXI əsrin elmi yarışında kənardan baxan müşahidəçi kimi qalacağıq.”

 

Bəhman Hüseynli

Xəbər lenti