Logo

Muzey Mərkəzində “Zəfərin izi” – Azərbaycan Dövlət Rəsm Qalereyasının sərgisi

02.11.2025 10:38 78 baxış
IMG

Noyabrın 1-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Zəfərin izi” adlı sərgi açılıb.

Sərgi 44 günlük Vətən müharibəsində (2020) qazanılmış tarixi Qələbənin, qəhrəman şəhid və qazilərimizin göstərdiyi misilsiz igidliyin, eləcə də xalqımızın milli həmrəyliyinin incəsənət vasitəsilə təcəssüm etdirilməsi məqsədilə təşkil edilib.

Tədbirdə Xalq rəssamları Ömər Eldarov, Arif Hüseynov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aslan Xəlilov çıxış ediblər.

Qeyd olunub ki, beş il öncə qazanılan tarixi Qələbə incəsənətimizdə, o cümlədən fırça ustalarının yaratdığı əsərlərdə təcəssüm tapıb. Rəssamlarımız qələbə əhval-ruhiyyəli əsərlər yaradıblar. Vurğulanıb ki, bu gün Muzey Mərkəzində sərgilənən əsərlər yaxın gələcəkdə işğaldan azad edilən tarixi torpaqlarımızda nümayiş olunacaq.

Mərasimdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında musiqi və rəqs çələngi də təqdim edilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

“Zəfərin izi” adlı sərgidə 38 əsər nümayiş edilib.

Ekspozisiyada tanınmış təsviri sənət ustaları Arif Hüseynovun “Şahbulaq qalası”, Əməkdar rəssam Vüqar Əlinin “Hədəfə doğru”, Mir Azər Abdullayevin “Kədəri sevincə çevirən Azərbaycan əsgəri!”, Fikrət İbrahimlinin “Diriliş”, Tahir Şıxəliyevin “Bir yolumuz var, evə getmək! Yurda qayıdış”, Nazim Məmmədovun “Zəfərin sonu” və gənc rəssamlar Nərmin Abdullayevanın “Zəfər atı”, Fuad Musayevin “Tarixin səsi”, Oksana Kazımovanın “Qələbə küləyi”, Zəhra Bağırlının “Tarix yazanlar”, Aynur Novruzovanın “Qayıdan torpaqların qayıtmayan oğulları”, Lalə Hüseynzadənin "44 – Zəfər günü", Emin Aslanovun “Zəfər sənindir, Azərbaycan əsgəri!”, Emin Aslanovun “Biz qalibik” və s. kimi qrafika, rəngkarlıq və plakat janrlarında işlənmiş əsərləri yer alıb.

Xəbər lenti