Logo

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul başladı

04.11.2025 15:22 74 baxış
IMG

Təhsilin İnkişafı Fondu (TİF) ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul başlayıb.

TİF-dən bildirilib ki, proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kursunda bakalavriat təhsili alan tələbə oğlan və qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər.

Təqaüd proqramında iştirak etmək üçün tələb olunan meyarlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə bakalavriat təhsili (1-ci kurs) almalıdır;

- Ali təhsil müəssisəsinə minimum qəbul balı 600 olmalıdır;

- Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).

Namizədlər aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:

- Ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü;

- Orqanizmin funksiyalarının 31-60, 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

- Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:

- Orqanizminin funksiyalarının 31-60, 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

- İşsiz kimi qeydiyyatda olanlar;

- İş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;

- İş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.

Qeyd edək ki, yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

Layihə çərçivəsində ümumilikdə 20 nəfər təhsilalanın seçilməsi nəzərdə tutulur. Onlardan 10 nəfər donor şirkətin kvotasına əsasən, aşağıdakı ixtisaslar üzrə təhsil alanlar arasından seçiləcək:

- İnformasiya texnologiyaları;

- İnformasiya təhlükəsizliyi;

- Kompüter mühəndisliyi;

- Kompüter elmləri;

- Data analitikası;

- Sistemlər mühəndisliyi;

- Kommunikasiya sistemləri mühəndisliyi.

Digər 10 nəfərin seçimi isə ixtisas məhdudiyyəti olmadan həyata keçiriləcək.

Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaq. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbələrin həyatı ilə bağlı suallar veriləcək. Bütün mərhələlərdən uğurla keçən 20 tələbə aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Poqrama müraciətlər noyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, fondun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.

Xəbər lenti