Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamenti (ÜFTTD), Biznes və Menecment fakültəsinin birgə təşkilatçılığı ilə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi Qələbəni və Ordumuzun qəhrəmanlığını əks etdirən qısa metrajlı video film nümayiş olunub.
Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva çıxış edərək bildirib ki, 8 Noyabr Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunmuş tarixdir. O, vurğulayıb ki, bu Qələbə Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin, dəmir iradəsinin və xalqımızın yüksək vətənpərvərlik ruhunun nəticəsidir.
Biznes və Menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov çıxışında Zəfər Gününün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayaraq, gənc nəslin bu qələbənin mənəvi mirasına sahib çıxmasının vacibliyini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin zəfərin davamı və onun real nəticəsinin göstəricisi olduğunu bildirib.
Tədbirin qonağı, Vətən müharibəsi qazisi Xankişi Yusifov döyüş yolundan, ön cəbhədə keçirdiyi çətin anlardan və silahdaşlarının vətənpərvərlik ruhundan danışıb. O, tələbələrə mərdlik, vətənə sədaqət və birlik haqqında dəyərli fikirlər çatdırıb. “Humanitar fənlər” kafedrasının dosenti Yusif Fərzəliyev Zəfər Gününün Azərbaycan xalqının milli həmrəyliyinin və qəhrəmanlıq salnaməsinin parlaq təzahürü olduğunu vurğulayıb.
Tədbir UNEC-in I kurs tələbələri Rəşidə Hüseynlinin hazırladığı video təqdimat və Fidan Şərifovanın ifasında səsləndirilən vətənpərvərlik mövzusunda şeirlə yekunlaşıb.