Logo

15 dekabr türk dillərinin bayramı olacaq – UNESCO-dan tarixi qərar

05.11.2025 10:16 31 baxış
IMG

Səmərqənddə (Özbəkistan) keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında (30 oktyabr – 13 noyabr) 15 dekabrın "Dünya Türk Dili Ailəsi Günü" ("World Turkic Language Family Day") elan edilməsi haqqında qərar qəbul edilib.

Baş Konfransda 194 ölkə təmsil olunur. Noyabrın 3-də sessiyada türkdilli ölkələrin təqdimatı əsasında 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü ilə bağlı qətnamə layihəsi nəzərdən keçirilib və təsdiqlənib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosail media hesabından etdiyi paylaşımda bildirib ki, UNESCO-nun Baş Konfransında qəbul edilən qərar Türkiyənin qardaş türk dövlətləri ilə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüsdür.

“Türk dillərinin tanıdılmasını artıran bu tarixi addım ortaq yaddaşımız olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək. Əməyi keçən hər kəsi təbrik edirəm. 15 dekabr -Dünya Türk Dili Ailəsi Günü bütün bəşəriyyətə ərməğan olsun”, - deyə Ersoy qeyd edib.

Baş Konfransın 43-cü sessiyasında çıxış edən Türkiyənin UNESCO-da daimi nümayəndəsi Gülnur Aybet bütün türk dövlətləri tərəfindən UNESCO-nun himayəsi altında türk dil ailəsini qorumaq və təşviq etmək üçün hazırlanmış təklifin həmmüəllif ölkələrinə təşəkkür edib.

O, dillərin yalnız ünsiyyət vasitəsi deyil, həm də nəsillər boyu kollektiv yaddaş, müdriklik və kimlik daşıyan sivilizasiyaların ruhu olduğunu vurğulayıb. Bildirib ki, geniş bir coğrafiyada 200 milyondan çox insanın danışdığı türk dil ailəsi əsrlər boyu ortaq tarix və dəyərlərdən gələn zəngin bir mədəni irsi təmsil edir.

Qeyd olunur ki, 15 dekabr əlamətdar bir tarixdir, çünki bu, VIII əsrə aid olan türk dilində ən qədim yazılı sənədlər olan Orxon kitabələrinin ilk dəfə deşifrə edilməsini qeyd edir. Həmin əlamətdar gün türk sivilizasiyalarının ortaq mədəni və bədii sərvətinin rəmzidir, habelə bu xalqlar arasında mədəni yaxınlaşmaya və dialoqa töhfə verir. UNESCO "Dünya Türk Dili Ailəsi Günü"nü təsis etməklə bir daha çoxdilliyə, mədəni müxtəlifliyə və xalqlar arasında dialoqa sarsılmaz sadiqliyini təsdiqləyir.

***

Xatırladaq ki, 15 dekabr 1893-ci ildə danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuması ilə bağlı Danimarka Kral Akademiyasında məruzə edib. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.

Bu əlamətdar tarixin yaşadılması üçün türkdilli ölkələr tərəfindən UNESCO-ya müraciət edilmişdi.

Türk Dövlətləri Təşkilatının baş katibi səfir Kubanıçbek Omurəliyev UNESCO-da qəbul olunan bu tarixi qərarla bağlı bəyanat yayıb. O, 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü elan edilməsini alqışlayıb.

“Bu mərhələ türk dilinin qədim köklərini və ümumbəşəri dəyərlərini vurğulayır, türk sivilizasiyasının birləşdirici elementi kimi onun dərin tarixi irsini əks etdirir", – deyə bəyanatda vurğulanır.

UNESCO-nun 15 dekabrı "Dünya Türk Dili Ailəsi Günü" elan etməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu noyabrın 5-də Səmərqənddə türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək.

Xəbər lenti