Logo

Professor: Azərbaycan son illərdə dövlətçilik tarixinin ən parlaq və qürurverici mərhələsini yaşayır

07.11.2025 20:41 32 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Bu barədə institutdan məlumat verilib. Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov açaraq hər iki bayramın xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.

Professor Oktay Qasımov çıxışında bildirib ki, Azərbaycan son illərdə dövlətçilik tarixinin ən parlaq və qürurverici mərhələsini yaşayır. Bu gün ölkəmiz öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş qalib dövlət kimi dünya birliyində layiqli yer tutur.

Prezident İlham Əliyevin çıxışlarına istinad edən professor qeyd edib ki, Azərbaycanın əldə etdiyi bu Qələbə həm ədalətin, həm də sülhün təntənəsidir: “Prezidentin də vurğuladığı kimi, biz bizdən alınanları geri qaytardıq, bizə əlavə heç nə lazım deyil. Başqasının torpağında iddiamız yoxdur. Azərbaycan dövləti sülh və ədalət prinsiplərinə əsaslanan siyasəti həyata keçirir. Əminik ki, yaxın gələcəkdə o torpaqlara tanklarla deyil, dostluq və sülh rəmzi olan minik maşınları ilə, azad və təhlükəsiz yollarla gedəcəyik”.

Tədbirdə Biofizika İnstitutunun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Arzu Aydəmirova da çıxış edib. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün bərpasından və xalqımızın qəhrəmanlıq salnaməsindən danışıb. Bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan böyük Zəfər gerçəkləşib.

“Bu Qələbə xalqımızın birliyinin, Ordumuzun gücünün və Ali Baş Komandanın qətiyyətinin təntənəsidir. 44 günlük müharibə təkcə hərbi qələbə deyil, həm də milli ruhun, Vətən sevgisinin parlaq təzahürüdür. ‘Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!’ – bu, xalqımızın haqq səsi və qalibiyyət simvoludur”, – deyə Arzu Aydəmirova qeyd edib.

Xəbər lenti