Logo

Vətən müharibəsi şəhidinə həsr edilmiş kitabın təqdimatı olub

06.11.2025 22:51 31 baxış
IMG

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin sədr müavini, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidi mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib.

Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılığı ilə baş tutan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində 30 illik torpaq həsrətimiz, Qarabağ dərdimiz sona yetib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində bu gün Azərbaycan suverendir. Bu qələbədə ən böyük pay sahibi isə mayor Natiq İsmayılovun timsalında bütün şəhidlərimizdir.

Diqqətə çatdırılıb ki, təqdimatı keçirilən kitab təkcə bir şəhid ömrünü deyil, eləcə də bizim haqq savaşımızı əhatə edir. Bu kitabda qəhrəman şəhidimizin ailə üzvlərinin, uşaqlıq dostlarının, kursant yoldaşlarının, 25 illik xidmət dövründə onunla çiyin-çiyinə xidmət keçmiş hərbçilərimizin və nəhayət, 44 günlük Vətən savaşında onunla son ana qədər birlikdə düşmənə qan udduran zabitlərimizin xatirələri toplanıb.

Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışı zamanı Vətən müharibəsinin Azərbaycan və eləcə də bütün Türk dünyası üçün tarixi əhəmiyyətindən danışıb. O deyib: “İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən tarixi hadisə idi. Bu müharibə xalqımızın, dövlətimizin həqiqətən necə vətənpərvər və milli ruhda olduğunun əyani sübutu idi. Çünki döyüşlərdə iştirak edən, bütün bu hadisələrin canlı şahidi olan bir şəxs kimi azərbaycanlı oğul və qızlarımızın ürəklərinin necə vətənlə bir döyündüyünü bir daha gördüm”.

Şəhid Natiq İsmayılovla uzun illər birgə xidmət etdiyini deyən polkovnik A.Mirzəyev onu məsuliyyətli, peşəkar, vətənini, xalqını ürəkdən sevən qorxmaz bir hərbçi kimi dəyərləndirib.

Tədbirdə mayor Natiq İsmayılovun ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri, şair İntiqam Yaşar çıxışında Vətən müharibəsinin ədəbiyyatımıza, mətbuatımıza da təsirsiz ötüşmədiyini deyərək, yazıçı, jurnalist Şahanə Müşfiqin beş ildir ki, bu istiqamətdə yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Müəllifin Vətən müharibəsinə həsr olunmuş dördüncü kitabının təqdim olunduğunu bildirən İ.Yaşar DGTYB olaraq hər zaman bu cür tədbirlərə dəstək verməyə hazır olduqlarını dilə gətirib.

N.İsmayılovun xidmət yoldaşları - polkovnik-leytenant Maarif Süleymanov, baş çavuş Mahir Qasımov qəhrəman şəhidlə bağlı xatirələrini bölüşüblər.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxışında şəhidlərimizin hər zaman yad edilməsinin mənəvi borcumuz olduğunu deyib, gəncləri qəhrəman şəhid və qazilərimizdən örnək olaraq Azərbaycanımızın suverenliyini əbədi qorumağa çağırıb.

“Əzəli, əbədi Azərbaycanam!” kitabının müəllifi, yazıçı, publisist Şahanə Müşfiq çıxış edərək Vətən müharibəsi günlərindən indiyədək - beş il ərzində yaradıcılığının əsas hissəsini məhz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi qəhrəmanlarımızın xalqa tanıdılmasına həsr etdiyini, bunu özünün mənəvi borcu olduğunu deyib. Şəhid Natiq İsmayılova həsr olunmuş kitabın yazılma prosesindən danışan müəllif kitabda və təqdimat mərasimində zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib.

Şəhidin həyat yoldaşı Nigar İsmayılova çıxışında Natiqin vətən sevgisindən danışıb, bu sevgi ilə canını qurban verdiyini deyib. O, Natiqin və bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib.

Tədbir bədii hissə ilə davam edib.

Xəbər lenti