Əslində həm TÜRKSOY, həm də Azərbaycan Milli Elmlər Akademiyası nəsillərin maariflənməsi və inkişafı yolunda uca və şərəfli bir missiya daşıyır. Onların hazırda gənc nəsillərə xitabən gördükləri işlərin əsası Akademiyada 80 il əvvəl, TÜRKSOY-da isə təxminən 32-33 il öncə qoyulub.
Bu sözləri AMEA-nın 80 illik yubileyi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mətbuat şöbəsinin əməkdaşı Vüqar Novruzoğlu deyib. O bildirib ki, bu illər ərzində TÜRKSOY və Elmlər Akademiyası əməkdaşlıq qurub və bir sıra uğurlara imza atıb.
“Bu baxımdan TÜRKSOY ədəbiyyat, elm, mədəniyyət sahəsində çalışan insanları hər zaman dəstəkləyir, onların əsərlərinin, elmi nəşrlərin təbliğini həyata keçirir. Bu qurumların hər ikisinin elmin, mədəniyyətin, ənənələrin köklü şəkildə gələcək nəsillərə ötürülməsində xidmətləri danılmazdır. Bu gün Azərbaycanın elm ocağının 80 illik yubileyini təbrik etmək üçün burada iştirak edirik. Qürurvericidir ki, Akademiyanın illər boyunca yetişdirdiyi tədqiqatçıları, alimləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində şöhrət qazanıb və öz çalışmaları ilə elmə istiqamət veriblər. Bu münasibətlə Akademiyanın 80 illiyini təbrik edirik. Həmçinin Akademiyanın TÜRKSOY-la əməkdaşlığının genişləndiyini görürük və gələcəkdə onun daha da irəliləyəcəyinə və çox mükəmməl olacağına əminik”, - deyə Vüqar Novruzoğlu vurğulayıb.