Logo

Firudin Qurbanov: Təhsilin əsas missiyası gənclərdə milli kimlik və mənəvi dəyərləri formalaşdırmaqdır

06.11.2025 15:37 36 baxış
IMG

“Milli kimlik probleminə toxunmaq, təhsilin məzmununda milli kimlik, milli özünüdərk, milli-mənəvi dəyərlər, milli ideologiya, milli dil, din və qloballaşmanın milli kimliyə təsiri məsələlərinə münasibət bildirmək vacibdir”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetində Zəfər Günü ilə əlaqədar keçirilən “Müasir Azərbaycanın inkişafı konsepsiyası və milli kimlik” adlı konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov səsləndirib.

Nazir müavini qeyd edib ki, çağdaş dünyada qloballaşmanın milli kimliyə, milli-mədəni dəyərlərə mənfi təsirini önləmək və milli kimliyi qorumaq beynəlxalq aləmdə, eləcə də Azərbaycanda geniş müzakirə olunan məsələlərdəndir:

“Yalnız milli kimlikləri möhkəm əsaslar üzərində qurulan millətlər qlobal kimliyin içərisində əriyib yox olmaqdan qurtula bilərlər. Bu baxımdan milli kimliyin dərindən dərk edilməsi və onun əsas komponentlərinin təhsildə ətraflı öyrədilməsi həyati zərurətə çevrilib. Milli kimliyi formalaşdıran əsas elementlərdən biri də milli mənəvi dəyərlərdir”.

Firudin Qurbanov bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı istiqamətində böyük xidmətlər göstərib. Bu parlaq ideoloji irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir müavini əlavə edib ki, Qarabağ zəfərində milli kimlik amili mühüm rol oynayıb.

“Xalqın dövlətinə, dövlətçiliyinə və Ali Baş Komandana sarsılmaz inamı, milli birliyi, Vətən və Bayraq sevgisi, milli vətən duyğuları zəfərin təməl prinsiplərindən biri oldu. 44 günlük müharibədə sübut etdik ki, biz yenilməz xalqıq. Azərbaycan Prezidenti İlham Əliyev, Zəfər Sərgərdəsi, Azərbaycan Ordusu ən döyüşkən ordu, xalqımız isə ən qəhrəman və qalib xalq kimi tarixə yazıldı”.

Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, təhsil işçilərinin əsas vəzifəsi uşaqlarda və gənclərdə milli kimliyin formalaşmasına, milli-mənəvi dəyərlərin tədris prosesində yüksək səviyyədə aşılanmasına xidmət etməkdir. 

Xəbər lenti