Logo

Naxçıvan Bölməsində “8 Noyabr - Zəfər bayramı” mövzusunda elmi konfrans keçirilib

07.11.2025 20:50 45 baxış
IMG

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev elmi konfransı açıq elan edib.

Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İsmayıl Hacıyev əməkdaşları Zəfər bayramı münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə 8 Noyabr gününün “Zəfər Günü” kimi qeyd olunmasının böyük tarixi və mənəvi əhəmiyyətini vurğulayıb.

Akademik Azərbaycanı Zəfər Gününə aparan tarixi yolu əhatə edən mühüm mərhələləri ardıcıllıqla nəzərdən keçirib.

İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycan torpaqları üzərində ərazi iddialarının kökləri XIX əsrin əvvəllərində imzalanan Türkmənçay və Gülüstan müqavilələrinə qədər uzanır. Həmin müqavilələr nəticəsində Cənubi Qafqaz Rusiya imperiyasının tərkibinə qatılmış, Azərbaycanın tarixi torpaqları süni şəkildə bölünmüş, bununla da bölgədə demoqrafik və siyasi tarazlıq pozulmuşdur. Bu dövrdən etibarən ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi prosesi başlanmış və gələcək münaqişələrin təməli qoyulmuşdur.

İsmayıl Hacıyev daha sonra 1918–1920-ci illər dövrünə diqqət çəkərək, Azərbaycan Xalq Cümhuriyyəti və onun qonşu dövlətlərlə münasibətlərindən danışıb. O, 1918-ci il Batum sülh müqaviləsini xatırladaraq, həmin sənədin regionda Azərbaycanın dövlət maraqlarının beynəlxalq səviyyədə tanınması baxımından mühüm hadisə olduğunu bildirib.

Nitqində akademik Araz-Türk Respublikasının yaranmasını da xüsusi qeyd edib. O, 1918–1919-cu illərdə Cənubi Azərbaycanın bir hissəsində fəaliyyət göstərmiş bu siyasi qurumun milli azadlıq ideyalarının daşıyıcısı kimi Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynadığını vurğulayıb.

İsmayıl Hacıyev XX əsrin əvvəllərində ermənilərin Azərbaycanın qərb torpaqlarına — Zəngəzur, Göyçə, Qarabağ bölgələrinə ərazi iddialarını xatırladaraq, Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi barədə qəbul edilən qərarın gələcəkdə faciəvi nəticələrə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, həmin qərar tarixi ədalətsizliyin və bölgədə gərginliyin başlanğıc nöqtələrindən biri idi.

Nitqində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını xüsusi vurğulayan akademik bildirib ki, məhz onun uzaqgörən siyasəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, ordu quruculuğu bərpa edildi və 1994-cü ildə atəşkəs sazişi imzalandı. Bu, Azərbaycan dövlətçiliyinin qorunması və gələcək inkişaf üçün möhkəm təməl yaratdı.

İsmayıl Hacıyev 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə — iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyduğunu bildirib. Bu dövrdə ölkənin iqtisadi potensialı bir neçə dəfə artmış, hərbi sənaye kompleksi formalaşmış və Azərbaycan öz silah istehsalına başlamışdır.

Akademik 2016-cı ilin Aprel döyüşlərini və Lələtəpə əməliyyatını qeyd edərək, həmin hadisələrin ordumuzun gücünü və xalqın milli birliyini nümayiş etdirdiyini vurğulayıb. 2020-ci ilin Tovuz hadisələri də göstərdi ki, Azərbaycan ordusu artıq yeni döyüş təcrübəsinə və müasir silah arsenalına malikdir.

İsmayıl Hacıyev bildirib ki, bütün bu mərhələlər 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik çevikliyi və orduya rəhbərliyi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, tarixi ədalət təmin olundu.

Akademik, həmçinin Vaşinqtonda aparılan danışıqlar barədə ətraflı söz açaraq, bu gün Azərbaycanın regionda sülh və təhlükəsizlik siyasətinin aparıcı qüvvəyə çevrildiyini qeyd edib. O, çıxışının sonunda vurğulayıb ki, bu Zəfər xalqın birliyi, dövlətin gücü və ordunun rəşadətinin təntənəsidir.

Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Müzəffər Ali Baş Komandan İlham Əliyev və Vətən müharibəsi” mövzusunda məruzə edib. O, Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixində xalqa ilk müraciətindən başlayaraq, müharibə dövründə etdiyi çıxışların və verdiyi müsahibələrin xalqın ruh yüksəkliyinin qorunmasında mühüm rol oynadığını vurğulayıb. Alim, həmçinin, ermənilərin Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində dinc əhalinin hədəfə alınmasını xatırladaraq, bu hadisələrin Ermənistanın müharibə cinayətləri kimi tarixə düşdüyünü qeyd edib.

AMEA Naxçıvan Bölməsi  Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyeva “İkinci Qarabağ müharibəsində xalq–dövlət–ordu birliyi” mövzusunda məruzə edərək, bu qələbənin məhz Azərbaycan xalqının həmrəyliyi və Prezidentin qətiyyətli siyasəti nəticəsində əldə edildiyini vurğulayıb. O, həmçinin 44 günlük müharibə zamanı sosial şəbəkələrin informasiya cəbhəsində oynadığı roldan, azad edilmiş ərazilərdə “ağıllı kənd” layihələrinin həyata keçirilməsindən danışıb, Yaxın Şərq Sülh Sammiti ilə Vaşinqton Sammitini müqayisə edərəkAzərbaycanın sülh siyasətinin regional sabitliyə real töhfə verdiyini qeyd edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Diplomatiyadan müharibəyə: Azərbaycanın səbir siyasəti və dönüş nöqtəsi” adlı məruzəsində Ermənistanın uzun illər apardığı təxribat siyasətinə qarşı Azərbaycanın səbir və qətiyyətlə mövqe sərgilədiyini diqqətə çatdırıb. O, Aprel və Tovuz döyüşlərində ordumuzun qazandığı uğurların 44 günlük müharibədəki qələbəyə zəmin yaratdığını vurğulayıb. Asəf Orucov diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə dövründə beynəlxalq media nümayəndələrinin, ümumilikdə, 600 sualını cavablandıraraq, dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini, haqq savaşının mahiyyətini və beynəlxalq hüquqa əsaslanan prinsiplərini aydın şəkildə çatdırıb. Bu, informasiya müharibəsində Azərbaycanın qazandığı böyük diplomatik uğurun göstəricisidir.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Payızlı zəfərlərin poetik vəsfi” mövzusunda məruzə edib. O, birinci Qarabağ müharibəsindən sonra ədəbiyyatda formalaşan “Qarabağ mövzusu”nun ikinci Qarabağ müharibəsindən sonra da daha güclü və çoxşaxəli şəkildə davam etdiyini bildirib. Elxan Məmmədov Aqil Abbasın “Dolu” romanından, Vaqif Yusiflinin “Qarabağ şeirimizdə, nəsrimizdə” monoqrafiyasından, Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatımız” əsərindən, Ramiz Qusarçaylının “Vətən” və “Şuşalı vətən” poemalarından, Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poemasından bəhs edərək, bu əsərlərin xalqımızın zəfər ruhunu ədəbiyyatda əks etdirən parlaq nümunələr olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda Elxan Məmmədovun təqdimatında İlqar Fəhminin “Balaca kişilər” adlı şeiri slayd vasitəsilə səsləndirilib.

Xəbər lenti