Logo

Dünya Türk Dili Ailəsi Günü - ortaq ruhun bayramı

07.11.2025 20:53 156 baxış
IMG

Səmərqənddə (Özbəkistan) keçirilən UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü kimi qəbul edilməsi Türk dünyasının elm, mədəniyyət və dil birliyi baxımından son dərəcə əlamətdar və tarixi qərardır. Bu qərar təkcə türkdilli ölkələrin mədəni əməkdaşlığının deyil, həm də türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. UNESCO kimi nüfuzlu bir beynəlxalq təşkilatın türk dillərinin ailəvi bir sistem kimi qəbulunu və qeyd gününün təsis edilməsini rəsmiləşdirməsi, türkologiya elminin, eləcə də türk kimliyinin dünyada artan nüfuzunun təsdiqidir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, Turan Dövlətləri Birləşmiş Konfederasiyasının xarici təşkilatlarla əlaqələr üzrə Azərbaycan təmsilçisi, filologiya elmləri doktoru Aynel Məşədiyeva söyləyib. Onun sözlərinə görə, türk dilləri ailəsi yalnız dilçilik kateqoriyası deyil, həm də ortaq mədəni yaddaşın, tarixi irsin və mənəvi birliyin daşıyıcısıdır. Türk dillərinin müxtəlif qollarında - Oğuz, qıpçaq, qarluq, Sibir və digər istiqamətlərdə qorunan qədim köklər, bu dilləri danışan xalqlar arasında dərin mənəvi və düşüncə yaxınlığını formalaşdırıb.

O bildirib ki, UNESCO-nun bu qərarı türkdilli ölkələrin elmi və mədəni təşkilatları, xüsusilə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və digər qurumlar arasında əməkdaşlığın daha da dərinləşməsinə geniş imkanlar açır. Bu, həm də gələcək nəsillərə türk dillərinin öyrənilməsi, qorunması və inkişafı istiqamətində beynəlxalq səviyyədə daha sistemli proqramların həyata keçirilməsi üçün ciddi stimul olacaq.

Türk dillərinin qədim yazılı abidələrdən - Orxon-Yeniseydən, “Divani Lüğət-it-Türk” və “Qutadqu Bilik”dən başlayaraq müasir ədəbi dillərə qədər uzanan zəngin inkişaf yolu bəşər mədəniyyətinin ayrılmaz hissəsidir. Məhz bu zəngin mirasın qorunması və dünyaya təqdimatı türkologiyanın əsas vəzifələrindən biridir.

“UNESCO-nun qəbul etdiyi bu qərar həm də elm, təhsil və mədəniyyət sahəsində türk xalqları arasında qarşılıqlı anlaşmanın, elmi əməkdaşlığın və ortaq dəyərlərin güclənməsinə xidmət edir. Bu təşəbbüsün irəli sürülməsində və beynəlxalq səviyyədə qəbulunda fəal rol oynayan bütün türkdilli ölkələrə, xüsusilə Türk Dövlətləri Təşkilatına və onun üzv dövlətlərinin nümayəndələrinə səmimi təşəkkürümü bildirirəm.

15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü təkcə bir tarix deyil, həm də ortaq dilin, ortaq kökün və ortaq ruhun bayramıdır. Bu gün türk xalqlarının elmə, təhsilə və mədəniyyətə verdiyi töhfələrin daha geniş miqyasda tanıdılmasına, türk dillərinin beynəlxalq səviyyədə möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə yeni bir mərhələnin başlanğıcı olacaq”, - deyə alim bildirib.

Xəbər lenti