Logo

BAAU-da Zəfər Gününə həsr olunan tədbir keçirildi - Fotolar

07.11.2025 20:55 194 baxış
IMG

Bakı Avrasiya Universitetində (BAAU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Səyavuş Qasımov açaraq iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. Rektor çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində qürur, şərəf və birlik rəmzinə çevrilmiş ən möhtəşəm hadisələrdən biridir.

Azərbaycanın öz müasir tarixinin ən parlaq səhifəsini – Zəfər Gününü qeyd etdiyini vurğulayan rektor 44 gün davam edən Vətən müharibəsinin xalqın birliyini, milli ruhun sarsılmazlığını, dövlət-xalq-ordu həmrəyliyinin gücünü bütün dünyaya nümayiş etdirdiyini qeyd edib.

“Bu Zəfər – igid oğullarımızın qanı, cəsarəti və xalqımızın sarsılmaz iradəsi hesabına qazanılmış müqəddəs bir qələbədir,” – deyə rektor diqqətə çatdırıb.

Səyavuş Qasımov bildirib ki, xalqımızın əldə etdiyi bu tarixi qələbə ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyinin nəticəsidir.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin və dövlət quruculuğu strategiyasının nəticəsində Azərbaycan bu gün regionun ən güclü dövlətlərindən birinə çevrilib. 

Rektor çıxışında həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoyaraq ədaləti bərpa edib, xalqımızın qürurunu, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü təmin edib.

“Biz Zəfər Gününü qeyd etməklə yalnız qələbəni deyil, həm də xalqımızın sarsılmaz iradəsini, dövlətimizin qüdrətini və ordumuzun əzmini yad edirik,” – deyə rektor vurğulayıb.

Səyavuş Qasımov çıxışını şəhid ailələrinə və qazilərə dərin minnətdarlıq ifadə etməklə yekunlaşdırıb.

Tədbirdə Milli Məclisinin deputatı Azər Allahveranov da çıxış edərək, Azərbaycanın əldə etdiyi Zəfərin həm hərbi, həm də diplomatik müstəvidə mühüm tarixi əhəmiyyət daşıdığını bildirib. Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19 sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub, separatçılıq və terrorçuluq meyillərinə son qoyulub.

“Bu Qələbə yalnız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun deyil, bütün xalqımızın zəfəridir. 44 gün ərzində xalqımız ordusunu, dövlətini, Prezidentini dəstəklədi və birlikdə tarixi ədaləti bərpa etdi. Antiterror tədbirlərinin uğurla başa çatması Azərbaycan dövlətinin siyasi iradəsinin, ordumuzun gücünün və xalqımızın birliyinin bariz göstəricisidir,” – deyə deputat qeyd edib.

O bildirib ki, Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasını təmin etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratdı və dövlətimizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi.

Deputat çıxışı zamanı şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onların qəhrəmanlığının xalqımızın yaddaşında daim yaşayacağını qeyd edib: “Bu qələbə uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə möhkəm can sağlığı arzulayıram. Onların fədakarlığı sayəsində bu gün biz başımız uca, qalib xalq kimi Zəfər Gününü qeyd edirik.”

Sonda deputat bütün Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib, dövlətimizə davamlı inkişaf, xalqımıza isə əmin-amanlıq və rifah arzulayıb.

Tədbirdə həmçinin şəhid Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, BAAU-nun “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov, Ümumi fənlər kafedrasının dosenti Əjdər Yunusov, Sosial və siyasi fənlər kafedrasının professoru Məmməd Cəfərli, Nəzəri dilçilik və türk dilləri kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İlhamə Şıxıyeva, eləcə də qazilər Balamirzə Sadayev və Həsən Həsənov çıxış ediblər.

Çıxışlarda 8 Noyabr – Zəfər Gününün milli həmrəyliyin, vətənpərvərliyin və dövlət müstəqilliyinin simvolu kimi əhəmiyyəti vurğulanıb, şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirin sonunda iştirakçılar şəhid ailələrinə, qazilərə bir daha minnətdarlıqlarını bildiriblər.

 


 


 


 


 


 


 


 


 


 

Xəbər lenti