Logo

AMEA rəhbəri: Dövlətimiz başçısının AMEA-nın qarşısına qoyduğu vəzifələr Akademiyanın yol xəritəsini müəyyənləşdirir

07.11.2025 12:56 80 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası hazırda öz tarixinin ən şərəfli mərhələlərindən birini yaşayır. Prezident İlham Əliyevin noyabrın 3-də AMEA-nın 80 illik yubiley mərasimində söylədiyi nitq Azərbaycan elminin inkişafına, elmi ictimaiyyətin gələcək strateji istiqamətlərinə yeni istiqamət verib. Prezidentin səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr AMEA-nın gələcək fəaliyyətinin yol xəritəsini müəyyənləşdirir, eyni zamanda, Akademiyanın inkişaf proqramının ana xəttini təşkil edir.

Bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti və Humanitar Elmlər Bölməsinin birgə keçirdiyi “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaqda söyləyib.

AMEA rəhbəri ölkə elminin milli maraqlar, dövlətçilik mənafeyi və dünyanın qlobal çağırışları əsasında inkişaf etdirilməsinin zəruriliyini önə çəkib. Bildirib ki, bütün bu istiqamətlər dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley mərasimindəki nitqində konkret faktlarla öz əksini tapıb: “Prezident İlham Əliyev diqqətə çatdırdı ki, IV Sənaye İnqilabının meydana gətirdiyi süni intellekt, rəqəmsal inkişaf və kibertəhlükəsizlik kimi çağırışlar fonunda Azərbaycan elmi öz fəaliyyətini yenidən qurmalı, bu istiqamətlərdə praktiki və nəzəri işlərin səmərəli şəkildə təşkilini təmin etməlidir. Bu, elmimizin qarşısında duran strateji məqsəd və gələcək inkişafın əsas prioritet istiqamətidir”.

Ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, bu istiqamətdə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər sənədlər ölkədə rəqəmsallaşma prosesinin sistemli şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir. O, dövlətin bu strateji addımlarına uyğun olaraq AMEA-da da elektron idarəetməyə keçid və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Rəyasət Heyəti aparatının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin fəaliyyəti haqqında məlumat verib.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının yubiley tədbirindəki nitqini Azərbaycan elminin inkişafında, onun qarşısında duran ən vacib məsələlərin həllində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Prezidentin çıxışında Akademiyanın tarixi inkişaf yolu dərindən təhlil olunub, müasir şəraitin mahiyyəti diqqətə çatdırılıb və yeni dövrdə elmin qarşısında duran əsas vəzifələr konkret şəkildə müəyyənləşdirilib. Prezident dünyada baş verən prosesləri elmi baxımdan prinsipial şəkildə dəyərləndirərək, ölkəmizdə yeni texnologiyaların tətbiqi, süni intellektin inkişafı, neft kapitalının insan kapitalına çevrilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi prioritet istiqamətləri önə çəkib.

Akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı Akademiyanın və onun müvafiq institutlarının qarşısında duran əsas vəzifələrə də toxunub. Bildirib ki, dövlətimizin başçısı çıxışında Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sanballı elmi əsərlərin hazırlanmasının vacibliyini xüsusi vurğulayıb. Alim ölkə rəhbərinin bu çağırışından irəli gələrək AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan institutların alimləri ilə birgə geniş müzakirələrin aparılacağını, Azərbaycan dövlətinin tarixi haqqında elmi əsaslara söykənən, dərin məzmunlu tədqiqatların aparılmasına dair koordinasiyalı elmi fəaliyyətin təşkil ediləcəyini söyləyib.

AMEA rəhbəri dövlətimizin başçısının Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibətini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan dilinin inkişafı və saflığının qorunması kompleks və sistemli elmi yanaşma tələb edir. Bu istiqamətdə AMEA-nın bütün institutları öz elmi profillərinə uyğun şəkildə fəaliyyət göstərməli, dilin milli kimliyin əsas dayağı kimi qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməlidirlər.

Vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər” - mesajı həm də milli özünüdərk və məsuliyyət çağırışıdır.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi Azərbaycan dilinin daha çox məişət səviyyəsində istifadə olunması və xarici sözlərin artan təsiri kimi narahatedici tendensiyalara diqqət çəkən AMEA rəhbəri bildirib ki, ölkə rəhbərinin bu mühüm problemi məhz AMEA tribunasından, yəni ölkənin ali elmi ocağından səsləndirməsi, ana dilimiz və milli kimliyimizlə bağlı məsələnin strateji əhəmiyyətini bir daha göstərir. Alimlər dil məsələsində aydın və prinsipial mövqe nümayiş etdirməli, Azərbaycan dilinin saflığının qorunması üçün müasir yanaşmalar və praktiki təkliflər irəli sürməlidirlər.

O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan elminin qarşısına qoyduğu mühüm vəzifələrin, səsləndirdiyi təkliflərin mərhələli şəkildə müzakirə ediləcəyini və AMEA Rəyasət Heyətində qəbul ediləcək tədbirlər planına daxil olunacağını diqqətə çatdırıb.

Xəbər lenti