Logo

Xaricdə çap edilən elmi məqalələrə ciddi nəzarət lazimdir — kim nə çap edir, bilinmir!

12.11.2025 17:30 229 baxış
IMG

Elm sahəsində nəzarətsizlik artıq sistemli problemə çevrilib. Xaricdə kim nə çap edir, hansı məqsədlə və hansı keyfiyyətdə, standartlarda yazır — bunu nə elmi müəssisələr bilir, nə də ictimaiyyətin bundan xəbəri var.

Dünya təcrübəsi və bizdəki realliq…

Dünyanın aparıcı elmi mərkəzlərində alim xaricdə dərc etdiyi məqaləni öz elmi müəssisəsinə təqdim edir. Bu zaman müvafiq komissiya həmin məqaləyə baxır, onun ölkə elmi üçün aktuallığını qiymətləndirir və yalnız bundan sonra həmin əsər rəsmi şəkildə alimin onlayn elmi bazasında qeyd olunur. Demək olar ki, Universitetlərin hər birində bu system var, yaxud qardaş ölkə Türkiyədə həm Avesis sistemi var, həm də Universitetlərin daxili platformaları mövcuddur. Bu, şəffaflıq, elmi məsuliyyət və milli elmi siyasətin tərkib hissəsidir. Əgər alim ölkə əleyhinə nəsə çap edirsə, bu onun elmi platformasına düşə bilməz. 

Bizdə isə belə bir sistem yoxdur. Universitetlərimizin çoxunda alimlərin elmi fəaliyyətini əks etdirən vahid onlayn platforma mövcud deyil. Nəticədə “elmi nəzarət” anlayışı formal səviyyədə qalmağa davam edir, şəffaflıqdan danışmaq isə demək olar ki yersizdir.


Nümunə üçün təqdim etdiyim bu yazını sözügedən Universitet alimin və ölkənin uğuru kimi qeyd edib və sonar da bunu Nazirlikdə öz statistikasında Azərbaycanın uğuru kimi qeyd edir. 

 

Statistika oyunu  

İl sonu yaxınlaşdıqca, yenə “statistik uğurlar” paradı başlayacaq. Rəqəmlər, cədvəllər, təqdimatlar... Guya yüzlərlə alimimiz xaricdə elmi məqalələr çap etdirib. Amma heç kim bilmir — kim, harada, nə barədə yazıb?
Bir az axtarış etsəniz, Taylor & Francis, Springer, Brill və Elsevier kimi beynəlxalq bazalarda “Azerbaijan politics”, “Azerbaijan education”, “Azerbaijan history” sözlərini yazmaq kifayətdir. Qarşınıza çıxan yazıların bəziləri Azərbaycanın elmi nüfuzuna, milli maraqlarına və imicinə açıq-aşkar zərbə vurur. Amma bu məqalələr də “ölkə elminin nailiyyəti” kimi təqdim edilir.

Elmi tənqid vacibdir, amma elmi məsuliyyət bundan da vacibdir. Məsuliyyətsiz yazılmış, hətta düşmən təbliğatına xidmət edən “tədqiqatların” ölkə elmi adına yazılması yolverilməzdir. Elm azad düşüncə tələb edir, lakin bu azadlıq milli maraqlardan üstün ola bilməz. Son illər Azərbaycanda elmi jurnalistika inkişaf edib, amma bu inkişafın konturları hələ də aydın deyil. Bizim elmi jurnallarımızın çoxu hələ beynəlxalq standartlara cavab vermir, Scopus və ya Web of Science kimi bazalarda indekslənmir. Halbuki, bu cür elmi jurnalların yaradılması mümkündür — resurs da var, potensial da.  

 

Universitetlər və “Şəxsi Reytinqlər”

Əslində universitetlərimizin elmi reytinqindən danışmaq artıq bir qədər ironik səslənir. Çünki alimlər universitetin deyil, öz şəxsi reytinqlərinin qayğısına qalırlar — çünki birbaşa məvaciblərinə təsir edir. Nəticədə “elmi sistem” şəxsi maraqların yarışına çevrilib. Ən yaxşı məqalələr xaricdə çap olunur, orijinallığı olmayan, zəif yazılar isə yerli jurnallarda “formallıq xatirinə” dərc edilir. Yerli elmi jurnalların inkişafı isə bürokratik əngəllər məngənəsində boğulur.

Elmimetrik Platformanın yaradılması zərurətdir, amma realliqda ???

Azərbaycanda vahid elmimetrik (scientometric) baza yoxdur. Bu bazanın yaradılması həm elmi nəzarəti, həm də şəffaflığı təmin edərdi. Hər bir alimin nə işlə məşğul olduğu, hansı istiqamətdə tədqiqat apardığı, hansı dərəcədə səmərə verdiyi aydın görünərdi.

Belə bir platforma həm də yeni nəsil alimlərə motivasiya verər, rəqabət mühitini sağlamlaşdırar və ölkə elmini real inkişaf yoluna çıxarardı.

Acı nəticə isə bundan ibarətdir ki:

Azərbaycanda elmin problemləri çoxdan məlumdur və artıq sistemli şəkildə həll etmək vaxtıdır. Əks halda, hər il “nailiyyət” adı ilə təqdim olunan göstəricilər ölkə elminin real vəziyyətini deyil, sadəcə gözəl dizayn edilmiş statistikanı əks etdirəcək. Elm nəhayət ki, nəzarət altına alınmalıdır — amma senzura ilə yox, şəffaflıq və milli məsuliyyətlə.

 

Rahil Nəcəf

 

 

Xəbər lenti