Polşa Elmlər Akademiyasının Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq İslam Arxeoloji Konfransında Azərbaycanı AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Ceyhun Eminli təmsil edib.
Arxeologiya və Antropologiya İnstitutundan bildirilib ki, beynəlxalq tədbirdə Ceyhun Eminli “Orta əsrlərdə Qəbələnin su təchizatı və sanitar gigiyenik qurğuları (Səlbir tədqiqatları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Bundan əlavə, konfransın “Əşyalar, istifadə və istehsalat” bölməsinin iclas sədrliyi təşkilat komitəsi tərəfindən Ceyhun Eminliyə həvalə edilib.
Tədbir çərçivəsində Varşava Milli Muzeyinin Şərq departamentinin nəzdindəki İslam əsərləri fondu ilə tanışlıq olub və “Ərəbistanın Erkən İslam dövrü keramikası: Keçid sahələri” mövzusunda dəyirmi masa keçirilib.
Konfransın yekun günü ümumi yığıncaq keçirilib, növbəti illərdə tədbirin coğrafiyasının genişləndirilməsi və təkmilləşdirilməsi üzrə müzakirələr aparılıb. Yekun nəticəyə əsasən, 2026-cı ildə İslam Arxeoloji Konfransının İtaliyada təşkil olunması qərara alınıb. Qeyd edək ki, 2024-cü ildə konfrans Almaniyanın Frankfurt şəhərində yerləşən Göethe Universitetində keçirilmişdi.