Logo

Pedaqoji Universitetdə və onun filiallarında Zəfər Günü silsilə tədbirlərlə qeyd edilib

08.11.2025 20:58 25 baxış
IMG

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və onun filiallarında silsilə tədbirlər təşkil olunub. Tədbirlər çərçivəsində şəhidlərin xatirəsi ehtiramla anılıb, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti vurğulanıb, iştirakçılar dövlətimizin gücünü və xalqımızın birliyini ifadə edən bu Qələbənin mənəvi dəyərindən söz açıblar.

Bu barədə ADPU-dan məlumat verilib.

İncəsənət və fiziki tərbiyə fakültəsində keçirilən tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək, Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın mübarizliyindən və birliyindən bəhs edib. Tədbir çərçivəsində rektor fakültənin müəllim və tələbələrinin müəllifi olduqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub, Vətən müharibəsi iştirakçısı olan müəllim və tələbələrlə görüşüb. Tədbir Musiqi və onun tədrisi texnologiyası kafedrasının hazırladığı Zəfərə həsr olunmuş musiqi əsərlərindən ibarət kompozisiyalarla davam edib.

Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Zəfər Gününün gələcək nəsillərə azərbaycançılıq ideyalarının, milli həmrəyliyin və vətənə sədaqətin aşılanması baxımından əhəmiyyət daşıdığını vurğulayıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqdan, Azərbaycan xalqının sarsılmaz iradə və vətənpərvərlik ruhundan söz açıb.

Fakültə dekanı dosent Nailə Hüseynova Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib və tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə minnətdarlığını bildirib. Tədbir proqramı tələbələrin ifasında şeir, rəqslər və səhnəciklə davam edib.

ADPU-nun, həmçinin Tarix və coğrafiya, Kimya və biologiya, İbtidai təhsil, Fizika fakültələrində tədbirlər keçirilib.

Əcnəbi tələbələrlə iş şöbəsi ADPU-da hazırlıq kursunda təhsil alan əcnəbi dinləyicilər üçün 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə universitetin Heydər Əliyev Mərkəzində tədbir təşkil edib.

Magistratura və doktorantura şöbəsində də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

ADPU-nun Şamaxı filialı, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə filialda Zəfərin 5-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Araşdırmalar Konfransının plenar iclası keçirilib. Konfransa ümumilikdə 150-yə yaxın elmi məqalə təqdim olunub.

Həmçinin filialda “Zəfər ruhunu yaşadanlar” adlı tədbir keçirilib. Bununla yanaşı, filialda Zəfər Günü tədbirləri çərçivəsində Vətən müharibəsi şəhidləri Ziyad Zərbalıyev, Zahir Manafov və Tərlan Amanaliyevin məzarları ziyarət edilib, “Milli qürur günümüz” mövzusunda tədbir təşkil edilib.

Universitetin Ağcabədi filialında “8 Noyabr - Zəfər Günü – Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir”, Şəki filialında “Beşillik qalibiyyət salnaməsi”, Quba filialında “Azərbaycanın Zəfər paradiqması: Qüdrət, qəhrəmanlıq, qürur” adlı tədbirlər təşkil edilib.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Riyaziyyat və informatika fənn birləşməsi müəllimlərinin təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xəbər lenti