Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmiz ilk dəfə Avropanın aparıcı kitab platformalarından biri olan Vyana Beynəlxalq Kitab Sərgisində (Buch Wien 2025) təmsil olunur.
AZƏRTAC xəbər verir ki, Avstriya Kitab Ticarəti Baş Assosiasiyası tərəfindən təşkil edilən sərgi bu il 500-dən çox iştirakçını bir araya gətirib.
Sərgi çərçivəsində qurulan Azərbaycan milli stendi vasitəsilə ölkəmizin zəngin ədəbi-mədəni irsini, tarixini əks etdirən 130 adda müasir nəşriyyat məhsulları Avstriya ictimaiyyətinə təqdim olunur.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin nümayəndələrindən ibarət heyət iştirak edib.
Sərgi noyabrın 16-dək ziyarətçilərə açıq olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana