Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər yeni strateji istiqamət kimi nəzərə çarpır. Bu Zəfər yalnız hərbi uğur deyil, həm də Türk dünyasının birliyinin, siyasi iradəsinin və ortaq tarixi kimliyinin təzahürüdür. Bu Qələbə Cənubi Qafqazda güc balansını dəyişməklə yanaşı, türk dövlətləri arasında yeni geosiyasi reallığın əsasını qoydu. Azərbaycanın bu qələbəsi Türk dünyasında “vahid güc konsepsiyası”nın praktik təcəssümünü nümayiş etdirdi. Bu Qələbə Orta Asiya türk dövlətlərində türk həmrəyliyi ideyasına olan inamı gücləndirdi. Cənubi Qafqazda yaranan yeni status-kvo regionun enerji, nəqliyyat və təhlükəsizlik konfiqurasiyasını köklü şəkildə dəyişdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri Ədalət Mustafayev deyib. O bildirib ki, Türkiyənin siyasi və diplomatik dəstəyi türk dövlətlərinin Azərbaycanın haqq mübarizəsinə verdiyi mənəvi dəstəklə birləşərək, “bir millət, iki dövlət” konsepsiyası ətrafında digər türk dövlətlərinin də bir-birlərinə siyasi dəstək göstərməsi ilə nəticələndi: “Belə bir həmrəylik modeli gələcəkdə ortaq müdafiə sistemlərinin yaranmasına və onların işlək mexanizmlərinin formalaşmasına siyasi-ideoloji təməl yarada bilər ki, bu da təsadüfi olmayıb Şəxsiyyət amilinin siyasətindən irəli gəlir.
Əgər bir az geniş şəkildə təhlil etsək görərik ki, bu qələbə enerji və nəqliyyat geosiyasətinə təsir edəcək. Cənubi Qafqazın enerji və nəqliyyat xəritəsində yeni geosiyasi imkanlar meydana gəlir ki, bu da Asiya və Avropa arasında logistika imkanlarının genişlənməsini reallaşdırır. Zəngəzur dəhlizi ideyası Türk dünyasını birləşdirən strateji xətt kimi xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı, Türkiyə- Xəzər-Orta Asiya istiqamətində alternativ nəqliyyat arteriyasını formalaşdırır.
2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə Görüşündə çıxış edən Rəcəb Tayyib Ərdoğan demişdi: “Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır. Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm. Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra Şuşanı ziyarət edək”.
Son illər Türk Dövlətləri Təşkilatının birgə tədbirlərinin Azərbaycanın Şuşa, Xankəndi, Qəbələ kimi şəhərlərində təşkil olunması, orada verilən mesajlar onu göstərir ki, bütün çətinlikləri arxada qoyan, zamanın nəbzini tutan Prezident İlham Əliyevin rəhbərlik etdiyi və Türkiyə Prezidenti Ərdoğanın da dəstək verdiyi bütün layihələr uğurla həyata keçirilir”.
Ədalət Mustafayev qeyd edib ki, bu dövlətlərin koordinasiyalı hərəkət etməsi nəticəsində Türk dünyası təkcə etnik-mədəni birliyə deyil, həm də geosiyasi subyektlik səviyyəsinə yüksəlir: “Oktyabr ayında Prezident İlham Əliyevin Qazaxıstana səfəri və orada Ermənistanla nəqliyyat dəhlizinin açılmasına, logistikanın inkişafına yönəlik razılıq əldə etməsi müsbət hal kimi qiymətləndirilərək Azərbaycanın regional gücə çevrilməsini sübut edən bir amildir. Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında verdiyi mesajlar gələcək elmi potensialın inkişafına dəstək, yeni elmi nailiyyətlər istiqamətində yol xəritəsini müəyyən etmiş oldu. Azərbaycanın Zəfəri Türk dünyasının beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzi kimi formalaşmasının başlanğıcı hesab oluna bilər. Bu mərkəz enerji təhlükəsizliyində, kommunikasiya şəbəkələrinin qurulmasında və regional sabitlikdə mühüm rol oynayır.
Beləliklə, əldə olunan Qələbə Azərbaycanın milli qüruru olmaqla yanaşı, həm də Türk dünyasının qürurudur. Bu Qələbə nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb, Azərbaycan - Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb, türk dövlətləri ilə əlaqələrinin strateji əməkdaşlığı daha sistemli xarakter alıb”.