Logo

Kitabxanaların Konstitusiya Günü ilə bağlı sərgiləri

12.11.2025 18:36 29 baxış
IMG

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Bu münasibətlə Milli Kitabxana tərəfindən “12 Noyabr – Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə əlamətdar gün haqqında rəsmi sənədlər, fotolar, mövzu ilə bağlı dövri mətbuat məqalələri, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində konstitusiya hüququ və tarixi, müstəqil Azərbaycanın memarı Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti, “Konstitusiya və Suverenlik İli” haqqında və digər mövzu ilə bağlı Azərbaycan və xarici dillərdə nəşrlər yer alıb.

***

Əlamətdar gün münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da “Azərbaycan Respublikası Konstitusiyası – 30” adlı virtual kitab sərgisini istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konstitusiya və suverenlik mövzusunda söylədikləri dəyərli fikirlər yer alır.

Materialda “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Azərbaycan Respublikası Konstitusiyasının preambulası və ümumi müddəaların şərhi”, “Konstitusiya hüququ” kimi Azərbaycan və rus dillərində kitabların tam mətni təqdim edilir. Həmçinin mövzu üzrə dövrü mətbuat nümunələri sərgilənir.

Virtual sərgi kitabxananın saytında (https://www.ryl.az/multimedia/azerbaycan-respublikasi-konstitusiyasi-30) yerləşdirilib.

Xəbər lenti