8 Noyabr — Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin rəmzidir. Bu il xalqımız Zəfərin 5-ci ildönümünü qürurla qeyd edir. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpası xalqımızın tarixində dönüş nöqtəsi olub.
Bu fikirlər AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “AMEA-da Zəfərin 5-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Bu əlamətdar gün ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasında da Zəfər Günü münasibətilə genişmiqyaslı tədbirlər planı həyata keçirilir. AMEA Rəyasət Heyətinin iclasında Qələbənin 5-ci ildönümünə həsr olunmuş tədbirlərin təşkili və icrası məsələləri müzakirə edilib, Akademiyanın bütün elmi-tədqiqat müəssisə və təşkilatlarında elmi konfranslar, dəyirmi masalar, sərgilər və vətənpərvərlik ruhunu təbliğ edən görüşlərin keçirilməsi qərara alınıb. Bu tədbirlər yalnız tarixi Zəfərin əhəmiyyətinin bir daha xatırladılması deyil, həm də gənc nəslin milli-mənəvi dəyərlər, qəhrəmanlıq və dövlətçilik ideyaları ruhunda tərbiyəsinə xidmət edir. Çünki 2020-ci ildə 44 gün ərzində bütün dünya azərbaycanlıları vətən uğrunda yumruq kimi birləşdilər, dövlətimizin başçısının çağırışlarına cavab olaraq həmrəylik nümayiş etdirdilər. Otuz il ərzində işğal altında qalan torpaqlarımız əsgərlərimizin misilsiz igidliyi, zabitlərimizin dəmir iradəsi, şəhid və qazilərimizin canı-qanı bahasına azad olundu. Azərbaycan Ordusu vahid amal uğrunda birləşərək torpaqlarımızı işğalçılardan addım-addım təmizlədi, dövlətimizin ərazi bütövlüyünü təmin etdi.
2023-cü il sentyabrın 19-20-də 24 saatdan az müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində Ermənistan ordusu tam şəkildə tərk-silah edildi, ağ bayraq qaldırmağa məcbur oldu. Qarabağ Zəfərinin məntiqi davamı kimi ölkəmizin tam suverenliyi təmin olundu.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxışı zamanı demişdi: “20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”.
Prezident qeyd edib ki, 8 Noyabr kimi 20 sentyabr 2023-cü il də bizim tariximizə qızıl hərflərlə yazıldı. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı.
Azərbaycan cəmiyyətinin öndə gedən bir qurumu kimi Azərbaycan Milli Elmlər Akademiyası da bu qələbənin qazanılmasına öz töhfələrini verib. AMEA-da həm 2020-ci il Vətən müharibəsi, həm də 2023-cü il antiterror tədbirləri zamanı əldə edilən qələbələrə həmişə yüksək diqqət göstərilib. Bu elm ocağında fəaliyyət göstərən alim və mütəxəssislər, ziyalılar tarixi hadisələri yalnız xalqımızın qəhrəmanlıq salnaməsi kimi deyil, həm də dövlətçilik, milli birlik və elmi təfəkkür kontekstində qiymətləndiriblər. Zəfər mövzusuna həsr olunmuş çoxsaylı elmi əsərlər, məqalələr və monoqrafiyalar yazılıb, konfranslar, dəyirmi masalar və sərgilər təşkil olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli hər zaman bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirib, Zəfərin milli şüurda möhkəmlənməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə daim diqqət yetirib. Onun rəhbərliyi ilə AMEA-da təşkil edilən tədbirlər Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ideya-siyasi mahiyyətinin, Azərbaycan xalqının birliyinin və dövlətimizin gücünün elmi əsaslarla dəyərləndirilməsinə yönəlib. Akademik İsa Həbibbəyli öz çıxışlarında Qarabağ müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücü, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü kimi qiymətləndirib. Bu fəaliyyət həm elmi ictimaiyyətin, həm də bütövlükdə cəmiyyətin Zəfər ruhunun yaşadılmasına xidmət edir.
Akademik İsa Həbibbəyli 8 Noyabr – Zəfər Günü münasibətilə Akademiya əməkdaşlarına ünvanlandığı təbrik məktubunda vurğulayıb: “Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri üçün dövlətimizin başçısına, ordumuza, şəhidlərimizə, qazilərimizə əbədi olaraq minnətdarıq. Hörmətli Akademiya əməkdaşları, sizi Zəfər Günü münasibətilə təbrik edir, qalib bir xalqın nümayəndəsi kimi möhkəm cansağlığı və elmi-tədqiqat işlərinizdə və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram”.
Bu gün Qarabağda həyata keçirilən Böyük Qayıdış və quruculuq proseslərində alimlərimiz yaxından iştirak edirlər. Böyük Zəfər tariximizin salnaməsini yazmaq, proseslərin elmi, siyasi, obyektiv qiymətini vermək, onları ümumiləşdirmək, gələcək nəsillərə çatdırmaqla bağlı AMEA-nın üzərinə ciddi, məsuliyyətli vəzifələr düşür.
Azərbaycan alimləri işğaldan azad olunmuş ərazilərdə dövlətin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq proseslərinə elmi müstəvidə dəstək verir, bu istiqamətdə çoxşaxəli tədqiqatlar aparırlar. Akademiyanın müxtəlif elmi-tədqiqat institutları Qarabağın təbii ehtiyatlarının öyrənilməsi, ekoloji tarazlığın bərpası, tarixi-mədəni irsin tədqiqi, sosial-iqtisadi inkişaf modellərinin elmi əsaslarının hazırlanması kimi vacib sahələrdə araşdırmalar həyata keçirir. Bu fəaliyyətlər, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin elmi xəritəsinin yenidən qurulmasına, regionun davamlı inkişafının təmin olunmasına xidmət edir.
Bu il Zəfərin 5-ci ildönümünün qeyd olunması Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın 80 illik yubileyi ilə eyni dövrə təsadüf edir ki, bu da xüsusi rəmzi məna daşıyır. Hər iki hadisə Azərbaycan xalqının zəngin elmi, mədəni və milli tarixində qürurverici mərhələ kimi çıxış edir. Zəfərin beş illiyi dövlətimizin qüdrəti, xalqımızın birliyi və müstəqilliyin möhkəmlənməsinin sübutu olduğu kimi, AMEA-nın 80 illik yubileyi də elmimizin uğurlu inkişaf yolunun və Azərbaycanın intellektual potensialının göstəricisi hesab olunur. Bu iki önəmli hadisənin eyni zaman kəsiyində qeyd olunması həm elm, həm də dövlətçilik tariximizdə mühüm bir bağlılıq yaradır.
Noyabrın 3-də AMEA-nın 80 illik yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev son beş il ərzində dünyanın müxtəlif bölgələrində müharibələr və silahlı toqquşmalar baş verdiyini qeyd edib, Azərbaycanın qazandığı Qələbəni həm miqyası, həm də nəticələrinin tamlığı baxımından bənzəri olmayan hadisə kimi qiymətləndirib. Prezidentin söylədiyi kimi, bu parlaq və mütləq Qələbə xalqın birliyi, ordunun qüdrəti və dövlətin siyasi iradəsi sayəsində əldə olunub və Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilərək gələcək nəsillər üçün milli qürur mənbəyi kimi qalacaq.