Logo

İnformasiya Texnologiyaları İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

08.11.2025 17:57 28 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbiri keçirilib.

Bu barədə institutdan məlumat verilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti institutun baş direktoru akademik Rasim Əliquliyev 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə institutun kollektivini təbrik edib. O, hər iki əlamətdar günün ölkədə böyük sevinc və coşqu ilə qeyd edilməsinin xalqımızın milli birliyinin, dövlətçilik ideallarına sədaqətinin və azərbaycançılıq ruhunun möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Akademik Rasim Əliquliyev çıxışında Birinci Qarabağ müharibəsindən sonra ölkədə yaranmış hərbi-siyasi böhran, xarici dövlətlərin müdaxiləsi nəticəsində meydana gələn problemlər və həmin mürəkkəb dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqımızın xilasında oynadığı tarixi roldan söz açıb. Alim qeyd edib ki, dahi şəxsiyyətin uzaqgörən siyasəti, dövlətçilik təcrübəsi və liderlik keyfiyyətləri sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, sabitlik bərpa edildi və ölkəmizin müstəqil inkişafının təməli qoyuldu.

Bu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini bildirən baş direktor qeyd edib ki, dövlətimizin başçısının qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrilib, nəhəng beynəlxalq tərəfdaşlıqlar formalaşıb, ordu quruculuğu və milli təhlükəsizlik sahəsində əsaslı dönüş baş verib.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən Ordumuz qarşısında strateji və operativ vəzifələr qoydu, döyüşlərin gedişatını izləyərək, həm cəbhədə, həm də informasiya müstəvisində mübarizəyə rəhbərlik etdi. Onun idarəçiliyi ilə aparılan informasiya siyasəti Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadı.

Alim qeyd edib ki, beş il öncə – 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma keçdi. Qəhrəman hərbçilərimiz düşmənin hücumlarını dəf edərək, beynəlxalq təşkilatların və böyük dövlətlərin uzun illər ərzində həll edə bilmədiyi problemi cəmi 44 günə şanlı Qələbə ilə nəticələndirdilər.

İnstitutun baş direktoru əlavə edib ki, çoxəsrlik tariximizin Zəfər zirvəsi 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın 30 illik işğalına son qoyması ilə oldu. Bu Qələbə ilə tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu, şəhidlərimizin qisası alındı. Azərbaycan öz gücünü, birliyini və haqqını qorumaq əzmini bütün dünyaya nümayiş etdirdi. Akademik vurğulayıb ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözü tutdu, rəşadətli Ordumuza və xalqına inanaraq Zəfər qazandı. AMEA-nın vitse-prezidenti xalqımızın Lideri – Prezident İlham Əliyevin ətrafında sıx birləşərək milli həmrəylik və mübarizlik nümunəsi göstərdiyini bildirib.

Akademik R.Əliquliyev diqqətə çatdırıb ki, Vətən müharibəsi XXI əsrin tələblərinə cavab verən yeni texnoloji müharibə modeli kimi tarixə düşüb: “Ordumuz müasir silahlardan, pilotsuz uçuş aparatlarından və süni intellekt texnologiyalarından geniş istifadə edərək qısa zamanda strateji üstünlük qazandı. Bu müharibə yeni texnoloji dövrün başlanğıcını qoydu və dünyada ilk dəfə məhz bu döyüşdə süni intellekt texnologiyalarının hərbi əməliyyatlarda genişmiqyaslı tətbiqi reallaşdı”.

AMEA-nın vitse-prezidenti xatırladıb ki, Zəfərdən üç il sonra – 2023-cü il sentyabrın 19–20-də Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədəki separatçı və qeyri-qanuni silahlı birləşmələr tam zərərsizləşdirildi. Cəmi 24 saat davam edən bu əməliyyat Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə yekunlaşdı. Alim bu hadisəni dövlətin siyasi iradəsinin, Ordumuzun peşəkarlığının və xalqın birliyinin parlaq təzahürü kimi qiymətləndirib.

Tədbirdə, həmçinin noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunmasının tarixi mənşəyi və ideoloji əhəmiyyətindən bəhs edən akademik Rasim Əliquliyev bildirib ki, Bayraq hər bir millətin varlığının, müstəqilliyinin və milli identikliyinin rəmzidir. Dövlətçiliyimizin mühüm atributlarından olan üçrəngli Bayrağımız xalqımız üçün daim qürur mənbəyi olub və bu gün də Azərbaycan vətəndaşının dövlətə sədaqətini təcəssüm etdirir.

“Qarşıda Azərbaycanı daha böyük zəfərlər gözləyir,” – deyən Rasim Əliquliyev vurğulayıb ki, bu gün dünya liderlərinin Prezident İlham Əliyevin şəxsiyyətinə, prinsipial mövqeyinə, sülhpərvərliyinə və ədalətsevərliyinə olan yüksək hörmət və etimadı ölkəmizin beynəlxalq nüfuzunun təzahürüdür. Ölkəmizdə ən son texnologiyaların tətbiqi, süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın gələcək inkişafının əsasını təşkil edir və yeni reallıqlar formalaşdırır.

Akademik qeyd edib ki, bu istiqamətdə dövlətimizin başçısının elmi və intellektual potensialın gücləndirilməsinə dair baxışı xüsusilə diqqətəlayiqdir. O, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirindəki çıxışında alimlər qarşısında iqtisadiyyatın transformasiyası, süni intellekt texnologiyalarının tətbiqi kimi prioritet istiqamətlər üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini xatırladaraq, bu tapşırıqların həyata keçirilməsinin ölkəmizin elmi potensialının yeni inkişaf mərhələsinə keçidini təmin edəcəyini bildirib.

Tədbirdə, həmçinin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü professor Məsumə Məmmədova, institutun icraçı direktoru dosent Rəşid Ələkbərov, AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev, institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova çıxış edərək Zəfər Gününün və Dövlət Bayrağı Gününün Azərbaycanın tarixində mühüm yer tutduğunu, bu bayramların xalqımızın milli qürurunun və dövlətçilik ənənələrinin təcəssümü olduğunu qeyd ediblər. Çıxış edənlər ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, dövlət rəmzlərimizin ucaldılmasında və Vətən müharibəsində əldə olunan tarixi Qələbədə xalqımızın, şanlı Azərbaycan Ordusunun və Ali Baş Komandanın birliyinin həlledici rol oynadığını diqqətə çatdırıblar.

Xəbər lenti