Logo

Akademik Mikayıl Useynovun 120 illik yubileyi münasibətilə biblioqrafiyası nəşr olunub

08.11.2025 17:41 25 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və “Elm” nəşriyyatı tərəfindən “Görkəmli elm xadimləri” rubrikasında görkəmli memar, AMEA-nın həmtəsisçilərindən və ilk akademiklərindən biri Mikayıl Useynovun biblioqrafiyası nəşr edilib. Biblioqrafiya Akademik Mikayıl Useynovun 120 illik yubileyi münasibətilə hazırlanıb.

AMEA-dan bildirilib ki, biblioqrafiyanın elmi redaktoru Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovdur. Nəşrin elmi məsləhətçi və ön sözün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.

Kitabda Prezident İlham Əliyevin akademik Mikayıl Useynovun 110 illik yubileyinin keçirilməsi haqqında 2015-ci il 1 iyun tarixli Sərəncamının və Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında 2022-ci il 8 oktyabr tarixli Sərəncamının mətnləri təqdim olunub.

Biblioqrafik göstərici akademik Mikayıl Useynovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirir.

“Həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri” bölməsi və akademik haqqında oçerk 614 mənbədən ibarətdir.

Biblioqrafiyada akademik Rafael Hüseynovun “Həmişə bizimlə” essesi, Xalq rəssamı, akademik Ömər Eldarov, Memarlar İttifaqının sədri, Əməkdar memar Elbəy Qasımzadə, Xalq yazıçısı Elmira Axundova, Xalq yazıçısı Çingiz Abdullayev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, Əməkdar memarlar Rəna Əfəndizadə, Rayihə Əmənzadə, Rəhibə Əliyeva, “Memar” jurnalının redaktoru Salim Şövkət, jurnalist Zöhrə Fərəcovanın, həmçinin alimin ailə üzvləri Səidə Useynova və Tubuxanım Qasımzadənin məqalələri oxucuların diqqətinə təqdim edilir.

“Əsərlərinin biblioqrafiyası” bölməsində M.Useynovun müəllifi və tərtibçisi olduğu kitabların, həmçinin Azərbaycanda və xaricdə nəşr olunmuş elmi və elmi-kütləvi məqalələrinin biblioqrafik təsvirləri verilməklə yanaşı, redaktoru, rəyçisi və elmi məsləhətçisi olduğu əsərlər də öz əksini tapıb.

“Həyat və yaradıcılığı” bölməsində müvafiq məqalələr yer alıb.

İndeksə daxil edilmiş biblioqrafik yazılar əlifba sırası ilə dil üzrə, xronoloji ardıcıllıqla və vahid ardıcıl nömrələmə sistemindən istifadə etməklə təqdim olunub.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə akademik M.Useynovun və həmmüəlliflərin əsərlərinin əlifba sırası ilə göstəricisini özündə əks etdirən köməkçi vasitə hazırlanıb.

Nəşr memarlıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri və geniş ictimaiyyət üçün nəzərdə tutulub.

Xəbər lenti