Logo

Hanı Sizin Kəlamınızın Qüdrəti?

13.11.2025 14:50 226 baxış
IMG

 Elm və ali təhsil üzrə ekspert, fəlsəfə elmləri doktoru Rahil Nəcəf yazır

“Bəs hanı sizin kəlamınızın qüdrəti?” – Əmir Teymurun bu məşhur sualı sanki bu gün bizim elmi mühitə ünvanlanıb. Xüsusilə də ictimai-humanitar sahədə çalışan, 60-80 illik təcrübəyə malik olan alimlərimizə. Niyə onların əsərlərinə istinad edilmir? Niyə onların illərlə zəhmətlə yazdığı kitablar, monoqrafiyalar, məqalələr bu gün elmi dövriyyədə görünmür?

Elm və ali təhsil üzrə ekspert, fəlsəfə elmləri doktoru Rahil Nəcəf qeyd edir ki, istinad sadəcə bir göstərici deyil – elmi nüfuzun, təsir gücünün və bilik axınının barometridir. “Əgər bir əsərə istinad edilmirsə, bu, o əsərin elm dünyasında rezonans doğurmadığını göstərir. Bizdə humanitar sahədə, xüsusilə fəlsəfə, tarix, politologiya istiqamətlərində yazan çoxsaylı alimlər var, amma onların əsərlərinə nə ölkə daxilində, nə də xaricdə istinad edilir. Bu isə elmi sistemdə ciddi siqnaldır,” – Rahil Nəcəf bildirir.

Ekspertin sözlərinə görə, bu vəziyyətin bir neçə səbəbi var. Əvvəla, Azərbaycanda elmi tədqiqatların beynəlxalq dövriyyəyə çıxarılması mexanizmi hələ də zəifdir. “Məsələn, Scopus və Web of Science kimi beynəlxalq bazalarda Azərbaycanın ictimai və humanitar sahədə olan tədqiqatlarının sayı ümumi elmi məqalələrin cəmi 3-5 faizini təşkil edir. Halbuki, Türkiyədə bu göstərici 22 faiz, Qazaxıstanda 14 faiz, hətta Gürcüstanda belə 9 faiz civarındadır,” – Rahil Nəcəf sitat gətirir.

Ekspert bildirir ki, istinad mədəniyyəti də bizdə hələ tam formalaşmayıb. “Bizdə hələ də ‘başqasına istinad etmək zəiflikdir’ kimi yanlış yanaşma var. Halbuki, beynəlxalq elmdə istinad – biliklərin ötürülməsi və elmi inkişafın təməlidir. Dünyanın ən çox istinad alan alimləri bir-birinin işini tamamlayır, üzərində yeni təhlil və modellər qururlar. Biz isə sanki elmi bir-birimizdən qoruyuruq,” – Rahil Nəcəf vurğulayır.

Beynəlxalq elmi göstəricilərə baxanda fərq açıq görünür. Clarivate Analytics-in 2024-cü il məlumatına görə, dünyada ən çox istinad alan 100 alimdən 92-si kollektiv tədqiqatlarda iştirak edənlərdir. Yəni elm artıq fərdi fəaliyyət deyil, paylaşılmış bilik sistemidir. Lakin Azərbaycanda bir çox elmi məqalə müəllifləri, xüsusilə yaşlı nəsil alimlər, elmi əməkdaşlığa və istinada açıq deyillər.

Rahil Nəcəf qeyd edir ki, maraqlı bir paradoks da var: “Texnologiyanı bilməmək bəhanəsi burada işləmir. Çünki bizdə texniki və dəqiq elmlər sahəsində elə yaşlı alimlər var ki, onların əsərlərinə minlərlə istinad edilir. Deməli, məsələ texnologiyada deyil – məsələ məzmundadır, aktuallıqda, elmi diskursda iştirak qabiliyyətindədir.”

Ekspertin fikrincə, problem həm də elmi əlaqələrin qapanması və akademik eqonun güclənməsi ilə bağlıdır. “Bir çox hallarda elmi məqalələr yalnız formal olaraq yazılır, beynəlxalq diskussiyalara qoşulmur. Alimlər bir-birinin işinə istinad etməkdən çəkinir, sanki elmi əməkdaşlıq deyil, rəqabət aparırıq. Halbuki elmin rəqabəti yox, sinerjisi inkişaf yaradır,” – deyə Rahil Nəcəf bildirir.

Elmi istinadların azlığı həm də gənc tədqiqatçılar üçün pis nümunə yaradır. Əgər elmi mühitdə paylaşma mədəniyyəti yoxdursa, gənclər də öz işlərini yalnız “yazmaq üçün yazmaq” prinsipi ilə qururlar. Bu isə elmin sosial funksiyasını itirməsi deməkdir.

Ekspertin sözlərinə görə, bu problemin həlli üçün iki əsas istiqamət vacibdir: elmi mədəniyyətin yenilənməsi və beynəlxalq inteqrasiyanın artırılması. “Azərbaycan alimləri beynəlxalq elmi jurnallarla əməkdaşlıq etməli, məqalələrini açıq elmi platformalarda paylaşmalıdırlar. Həmçinin, universitetlər və elmi institutlar gənc tədqiqatçıları istinad sistemlərini (APA, Chicago, MLA və s.) düzgün istifadə etməyə təşviq etməlidir,” – Rahil Nəcəf qeyd edir.

O əlavə edir ki, elmi istinad həm də milli elmin tanıdılması vasitəsidir. “Əgər biz öz alimlərimizə istinad etməsək, bizim elmi fikirlərimiz dünya elminin xəritəsində yer almayacaq. Ən pisi isə odur ki, biz öz sözümüzə dəyər verməyi unuduruq. Əgər yazdıqlarımıza nə daxildə, nə xaricdə maraq göstərilmirsə, deməli, elmi diskursdan uzaq düşmüşük,” – Rahil Nəcəf bildirir.

Ekspert sonda qeyd edir: “Elm yazmaq üçün deyil, yaşatmaq üçündür. Əgər yazdığın əsər oxunmursa, istinad almırsa, deməli, o, kağız üzərində qalır. Əmir Teymur demişkən, ‘Bəs hanı sizin kəlamınızın qüdrəti?’ – əgər elm cəmiyyəti dəyişmir, düşüncəni formalaşdırmırsa, o zaman onun nə mənəvi, nə də elmi gücü qalır.”

 

Bəhman Hüseynli

Xəbər lenti