Logo

AzMİU-nun nümayəndə heyəti Seulda keçirilən QS Sammitində iştirak edib

13.11.2025 15:35 29 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Cənubi Koreyanın paytaxtı Seulda keçirilən QS Sammitində iştirak edib. Universiteti tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor dosent Nigar Aslanova və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə təmsil ediblər.

AzMİU-dan bildirilib ki, beynəlxalq reytinq sistemi Quacquarelli Symonds (QS) tərəfindən təşkil olunan sammit Asiya regionunun aparıcı universitetlərinin rəhbərlərini, tədqiqatçılarını və təhsil ekspertlərini bir araya gətirib. Tədbirin əsas məqsədi ali təhsildə innovasiya, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və qlobal əməkdaşlıq sahələrində yeni tendensiyaların müzakirəsi olub.

Sammit çərçivəsində keçirilən panel və müzakirələrdə iştirakçılar ali təhsil sistemində keyfiyyətin artırılması, elmi fəaliyyətin beynəlmiləlləşdirilməsi və universitetlərin cəmiyyətə təsirinin gücləndirilməsi kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Çıxışı zamanı prorektor Nigar Aslanova AzMİU-da elm və innovasiya istiqamətində həyata keçirilən islahatlar, beynəlxalq layihələrdə iştirak, eləcə də dayanıqlı inkişaf prinsiplərinin tədris və tədqiqat proseslərinə inteqrasiyası barədə məlumat verib. O, universitetin bu istiqamətdə atdığı addımların qlobal akademik məkana inteqrasiya baxımından əhəmiyyətini vurğulayıb.

Qənirə Məmmədzadə isə AzMİU-nun strateji inkişaf istiqamətləri, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi və ali təhsildə keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib.

Sammit çərçivəsində AzMİU nümayəndələri müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib, gələcək əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

QS Sammitində iştirak AzMİU-nun beynəlxalq elmi-təhsil məkanında mövqeyinin daha da möhkəmlənməsinə və qlobal tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə töhfə verir.

Xəbər lenti