Logo

Beynəlxalq konqresin iştirakçılarına MEK-in rəqəmsallaşma təcrübəsi barədə məlumat verilib

14.11.2025 15:17 27 baxış
IMG

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Mərkəzi Asiya: Ümumi mənəvi - maarifçilik irsi - ümumi gələcək” adlı beynəlxalq konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və MEK-in Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mübariz Göyüşov iştirak ediblər.

Bu barədə MEK-dən məlumat verilib. Forumda Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan elm və mədəniyyət xadimlərinin, din nümayəndələrinin, yazıçıların, incəsənət və kino sahəsinin tanınmış simalarının, yazıçılar birliklərinin və kitabxana rəhbərlərinin, eləcə də gənclər liderlərinin iştirakı ilə sessiyalar keçirilib.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov konqresdə “Elektron kitabxanalar və rəqəmsal irs: texnologiyalar mədəniyyəti necə dəyişir” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində müasir kitabxanaların inkişaf istiqamətləri, rəqəmsallaşma prosesləri və rəqəmsal irsin qorunması məsələlərinə toxunub. Hüseyn Hüseynov qeyd edib ki, kitabxanalar artıq ənənəvi anlayış çərçivəsindən çıxaraq informasiya-kommunikasiya mərkəzlərinə çevrilir. Elektron kataloqlar, rəqəmsal arxivlər və interaktiv xidmətlər müasir kitabxana fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.

Çıxışda vurğulanıb ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası bu istiqamətdə ölkədə qabaqcıl təcrübə formalaşdırıb. MEK-də həyata keçirilən rəqəmsallaşdırma layihələri, Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi, elektron kataloqlar, onlayn sifariş və sənəd çatdırılması xidmətləri, oxucu rəyləri və elektron sərgilər, eləcə də beynəlxalq verilənlər bazalarına çıxış imkanları barədə ətraflı məlumat təqdim olunub.

Direktor bildirib ki, hibrid kitabxanaların-ənənəvi fondlarla rəqəmsal texnologiyaların sintezinin inkişafı rəqəmsal humanitar elmlərin formalaşmasına və biliklərin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Konfransda, həmçinin rəqəmsal irsin qorunması, məlumatların uzunmüddətli saxlanması, beynəlxalq standartların tətbiqi və müəllif hüquqlarının təmin olunması məsələləri müzakirə edilib.

Tədbir zamanı MEK-in direktoru Özbəkistan televiziyasına müsahibə də verib.

Xəbər lenti