Logo

Coğrafiyaşünas-alim: Qarabağ və Şərqi Zəngəzurda nadir torpaq elementləri aşkar edilib

14.11.2025 15:17 30 baxış
IMG

Müasir dövrdə qlobal miqyasda sürətlə baş verən dəyişikliklər, xüsusilə hərbi-texnogen proseslərin genişlənməsi təbii ekosistemlərə ciddi təsir göstərir və insan fəaliyyətinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur. Bu tendensiya Qarabağ və Şərqi Zəngəzur kimi uzun müddət hərbi-siyasi qarşıdurmaların təsirinə məruz qalmış regionlarda özünü daha kəskin şəkildə göstərir. Məhz buna görə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən həmin ərazilərin ekosistemlərinə antropogen və hərbi-texnogen təsirlərin öyrənilməsi, onların xəritələşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb. Araşdırmaların nəticələri bölgədə ekoloji vəziyyətin qiymətləndirilməsi və gələcək məskunlaşma proseslərinin elmi əsaslarla planlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov AZƏRTAC-a müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatların nəticələri barədə məlumat verib: “Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən Qarabağ və Şərqi Zəngəzur üçün ekosistemlərin antropogen, hərbi-texnogen transformasiyasına aid tədqiqatlar aparılıb və xəritələşmə həyata keçirilib. Elmi nəticələrə əsasən məlum olub ki, ən güclü transformasiya Cəbrayıl, Füzuli, Ağdam rayonlarının ərazilərindədir. Xüsusən vaxtilə cəbhə xətti olmuş ərazilərdə transformasiyanın yüksək səviyyədə olduğu müəyyən edilib və ərazi xəritələşdirilib”.

Alim qeyd edib ki, Şərqi Zəngəzurun eko-geokimyəvi xəritəsi işlənilib. Xəritənin təhlilindən məlum olur ki, bəzi ərazilərdə nadir torpaq elementlərinin miqdarı yer qabığında müşahidə edilən orta həddən xeyli çoxdur: “Bildiyimiz kimi, hazırda nadir torpaq elementlərinə dünyada böyük tələbat var. Bu da həmin ərazilərin gələcəkdə strateji əhəmiyyətini artırır və onların elmi əsaslarla araşdırılmasını, həmçinin səmərəli və təhlükəsiz şəkildə istifadəsini zəruri edir”.

Mirnuh İsmayılov Qarabağın landşaft ekoloji karkas şəbəkə xəritəsinin yaradıldığını da diqqətə çatdırıb: “Bu, əsasən yenidən məskunlaşdırılan ərazilər üçün çox vacib irimiqyaslı xəritədir. Xəritədə hansı dərəcədə xüsusi mühafizə olunan ərazilərin yaradılması, o cümlədən təbiət abidələrinin necə qorunmaları parametrləri və sair haqqında geniş məlumat verilir. Xəritədə dörd yeni xüsusi mühafizə olunan dövlət qoruğu və ya milli park statusunda ərazinin yaradılması təklif edilib. Aidiyyəti dövlət qurumları bundan istifadə edə bilərlər”.

Xəbər lenti