Logo

Yeni təhlükəsizlik arxitekturasında Azərbaycan Ordusu və dövlət suverenliyi

13.11.2025 15:37 25 baxış
IMG

1990-cı illərin əvvəllərinə, Azərbaycanın ilk müstəqillik dövrünə istər fərdi yaddaş, istərsə də milli yaddaş efirindən işıq tutanda xaosu, fərdi maraqlar ətrafında birləşən qrupları, separatizmi, işğalı, çarəsizliyi, meydan “qəhrəmanlarını” və nəhayət, miskin durumda olan qaçqın, məcburi köçkün ordusunu görürsən. İmperiya dağılmışdı, lakin onun kölgəsi hələ ayrı-ayrı “qəhrəmanların” düşüncəsindən silinməmişdi. Azadlıq qazanılmışdı, amma sərbəst düşüncə, müstəqil idarəçilik, azad siyasi sistem hələ formalaşmamışdı. Dövlətin bünövrəsini təşkil etməli olan siyasi institutlar dövlətin parçalanma layihəsində bu və ya digər formada rol almışdılar. Dövləti idarə edən AXC hakimiyyətinin idarəçilik mədəniyyəti populizmdən real təcrübə səviyyəsinə yüksəlməmiş, hakimiyyət anlayışı isə çox zaman şəxsi maraq və hakimiyyət ehtirası ilə qarışmışdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılovun “Yeni təhlükəsizlik arxitekturasında Azərbaycan Ordusu və dövlət suverenliyi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Yeni yaranan partiyalar sosial-ideoloji platformalar üzərində deyil, çox vaxt geosiyasi mərkəzlərin təsiri ilə formalaşırdı. Xarici güclər Azərbaycanın zəif siyasi strukturundan istifadə edərək, onu öz təsir dairələrinə çəkməyə, gənc dövlətin istiqamətini müəyyən etməyə çalışırdılar. Bu mənada, dövlətin müstəqilliyi beynəlxalq səviyyədə tanınsa da, onun daxilində bu müstəqilliyi qoruyacaq sabit mexanizmlər, aydın strateji düşüncə və milli həmrəylik hələ doğulmamışdı.

Ordunun taleyi də bu xaosun içində idi. Müxtəlif hərbi birləşmələr kənardan idarə olunan fərqli-fərqli şəxslərin nəzarətinə keçmişdi. Ordunun vahid məqsədi olan Vətənin müdafiəsi zaman-zaman şəxsi ambisiyaların və maddi maraqların kölgəsində itərək, silahlı birləşmələrin mənası hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. Hər bir qrup öz liderini ordu ilə deyil, ordunu öz lideri ilə uyğunlaşdırmağa çalışırdı. Bu baxımdan, dövlətin bədəni yaşayırdı, lakin onu yaşadan ruh, yəni vahid komandanlıq və milli məqsəd hissi, daxili bölünmələr və şəxsi maraqların təsiri altında parçalanmışdı.

Həmin dövr Azərbaycan üçün siyasi, mənəvi böhran dövrü idi. İnsanların azadlıq arzusu vardı, amma onu daşıyacaq dövlət iradəsi hələ formalaşmamışdı. Müstəqillik milli özünüdərk fonunda bir ideya kimi doğulmuşdu, lakin onun arxasında strateji düşüncəylə dövlət məsuliyyətini daşıyan güclü liderə ehtiyac duyurdu. Çünki azadlıq yalnız zəncirlərdən qurtulmaq deyil, həm də nizamın, məsuliyyətin və milli birlik şüurunun yaradılmasıdır.

Azərbaycan bu ağrılı təcrübədən keçərək anladı ki, suverenlik kağız üzərində yazılmış hüquqla əldə edilmir, ordunu bir mərkəzdən yönəldən, dövlətin daxilindəki nizamı, xalqla hakimiyyət arasındakı etimadı formalaşdıran güclü liderlə və qurduğu sistemlə idarə edilir. Bu mənada güclü dövlət mənəvi intizamın məhsuludur. Tarix göstərdi ki, parçalanmış idarəçilik, şəxsi ambisiyalar və xarici təsirlərin hökm sürdüyü bir məkan suveren ola bilməz. Suverenlik yalnız o zaman gerçək olur ki, millət öz gələcəyinin məsuliyyətini bütünlükə anlıyır və öz liderini onu hansı uğura aparacaq yolun qarşısında deyil, arxasında dayanır. Bu düşüncə dövlətin bütün sahələrində, xüsusilə də ordu quruculuğunda, mənəvi iradənin siyasi reallığa çevrilməsi kimi özünü göstərdi və ordu xalqla dövlətin həmrəyliyinin, məsuliyyətinin, suverenliyinin canlı iradə forması kimi meydana çıxdı.

Hərbi birləşmələrin dövlətə tabe etdirilməsi, ordunun şəxsi maraqlardan azad edilərək vahid komandanlıq altında birləşdirilməsi məhz bu tarixi dərsin nəticəsi idi. Tədricən nizami ordu modeli formalaşmağa başladı və vətən torpağının hər qarışı uğrunda döyüşməyə qadir, intizamlı, ən müasir hərbi texnologiyalarla təmin olunan silahlı qüvvələr meydana gəldi. Bu hərbi quruculuq prosesindən daha çox, dövlətin siyasi iradəsinin, milli kimliyinin və strateji düşüncəsinin təzahürü idi.

1990-cı illərin xaosundan XXI əsrin müasir təhlükəsizlik arxitekturasına qədər uzanan bu yol həm dövlət suverenliyinin, həm də milli ruhun qalibiyyət tarixi kimi meydana çıxdı. Bu baxımdan, 44 günlük Vətən müharibəsi xaosdan-nizama, miskinlikdən-qürura, bölünmədən-birliyə gələn yolun Zəfərlə bitməsi, quruculuğun, rifahın dirçəlişi olaraq tarixi yaddaşımızın ən şərəfli yolunu əks etdirir.

Zəfərin 5 illiyinə həsr olunmuş paradda Azərbaycan xalqının qürurla seyr etdiyi hərbi texnika, Xüsusi Təyinatlı Qüvvələrin keçidi bir daha göstərdi ki, güclü ordumuz sülhün mövcud olmasının əsas qarantıdır. Bu parad Milli Ordunun texnologiya müstəvisində düşüncə, qüdrət və intellekt formasında ifadə olunduğu meyarlarla yadda qaldı. Azərbaycan Ordusu bu baxımdan yalnız, döyüş meydanının qalibi kimi deyil, süni intellekt, kəşfiyyat və koordinasiyanın sintezində formalaşan yeni epoxanın rəmzi kimi göründü. Bu hadisə göstərdi ki, ordu bir tərəfdən fiziki gücün, digər tərəfdən də elmi düşüncənin, strateji uzaqgörənliyin və milli iradənin birləşdiyi ali nizamın ifadəsidir. Bütün bunlar Azərbaycan Ordusunun yeni dövrə keçidini, ən müasir silahlarla təchizatını, fiziki cəsarət üstünlüyünü göstərir.

Hərbi paradda müxtəlif növ müasir silahlar, supersonik raket texnologiyaları strateji tarazlığın dəyişdiyini göstərir və eyni zamanda, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə yönələn hər hansı təhdidə həm fiziki, həm də siyasi cavab vermək imkanı qazandırır.

Qardaş Türkiyə və Pakistan rəhbərlərinin Hərbi paradda iştirakı Azərbaycanın yeni təhlükəsizlik arxitekturasında artıq regional sərhədləri aşdığını nümayiş etdirdi. Bu hadisə Cənubi Qafqazda gücün, həmrəyliyin və strateji iradənin yeni fəlsəfi məzmununu formalaşdırdı. Bu baxımdan Azərbaycan regional sistemin iştirakçısı kimi, onun mənasını müəyyən edən subyektə çevrildiyini göstərdi. Bu, həm də o demək idi ki, Azərbaycan tək dayanmağı bacaran, lakin eyni zamanda, müttəfiqlikdə öz suveren iradəsini qoruyan bir dövlət kimi beynəlxalq sistemdə yeni tarazlıq yaradır.

Bu, geosiyasi planda “post-Qərb” mərhələsinin regional təzahürü idi. Bu mərhələ dövlətlərin universal hegemon modellərdən kənara çıxaraq, öz sivilizasiya dəyərləri, tarixi yaddaşı və milli iradəsi üzərində müstəqil təhlükəsizlik sistemləri formalaşdırmaq prosesini ifadə edirdi. Azərbaycan bu prosesin lideri olaraq, həmin hüququ yalnız diplomatik ritorika ilə deyil, qanla yazılmış Zəfərlə və milli ideya gücü ilə təsdiqlədi. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda gücün mənəvi əsaslardan, suverenliyin isə tarixi şüurla müasirliyin qaynağından yeni bir geosiyasi nizam yaratdı.

Azərbaycan Ordusunun Hərbi paraddakı nümayişi dövlətin tarixi yaddaşını müasirlik prizmasında yenidən dərk etməsinin və milli-mənəvi iradəsini zamanın çağırışlarına uyğun formalaşdırmasının simvolik təcəssümü idi. Bu prosesin ideya nüvəsində Ali Baş Komandan İlham Əliyev dayanır və o, gücün yalnız texnoloji üstünlükdən ibarət olmadığını, əsl qaynağını ideyanın mənəvi ruhundan aldığını dərk edən lider kimi ordunu sırf hərbi institut olmaqdan çıxararaq dövlətin mənəvi özünüdərkinin və tarixi varisliyinin ali dəyər müstəvisinə yüksəltdi. Onun rəhbərliyi nəticəsində ordu, dövlət və millət arasında ontoloji bir körpü formalaşdı, bu körpü isə iradənin hərbi qüdrətə, qüdrətin isə mənəvi nizamın reallaşmasına çevrildiyi bir bütövlük yaratdı.

Bu mənada Ali Baş Komandan İlham Əliyevin “güclü dövlət – güclü ordu” ifadəsinin metafizik prinsipi aydın olur. Güclü ordu yüksək texniki göstəricilərə malik olmaqla bərabər, həm də özünü və dövlətdə daşıdığı missiyasını dərk edən insanın varlığı ilə mümkündür. Bugünkü Azərbaycan Ordusunun fəlsəfəsi ondan ibarətdir ki, hər bir əsgər dövlətin ideyasını daşıyır və hər bir texnika onun iradəsini ifadə edir.

Nəticə olaraq, bu parad Qələbənin xatirəsi kimi, gələcək təhlükəsizlik fəlsəfəsinin manifesti olaraq bir daha göstərdi ki, dövlətin suverenliyi onun sərhədləri ilə məhdudlaşmır, həm də düşüncədə, ruhda və texnologiyada qorunur.

Xəbər lenti