AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Tacikistanın Düşənbə şəhərində keçirilmiş “Əbu Əli İbn Sinanın elm, fəlsəfə və dünya sivilizasiyasının inkişafına töhfəsi” adlı beynəlxalq simpoziumda onlayn iştirak ediblər.
İnstitutdan bildirilib ki, simpoziumda Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi Sevinc Bayramova “İbn Sina irsinin Azərbaycanda tədqiqi”, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin redaktoru Vəfa Şərifova “Əbu Əli İbn Sinanın dünya fəlsəfə tarixində rolu”, Biblioqrafiya şöbəsinin laborantı Aytən Musayeva isə “İbn Sina fəlsəfəsi” mövzularında məruzə ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, simpoziuma Azərbaycan, Özbəkistan, Rusiya, Pakistan, Fransa, Malayziya, Bəhreyn və digər ölkələrdən alim və mütəxəssislər qatılıblar.