Logo

“Müstəqilliyimizin hüquqi əsası: Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda tədbir keçirilib

12.11.2025 18:39 34 baxış
IMG

AMEA Naxçıvan Bölməsində “Müstəqilliyimizin hüquqi əsası: Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda tədbir keçirilib. Tədbirdə müstəqil dövlətçiliyimizin hüquqi təməli olan Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti, müasir inkişaf mərhələsində rolu və hüquqi dövlət quruculuğundakı yeri müzakirə olunub.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışında Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən bəhs edib, Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi dayaqlarının möhkəmlənməsində Konstitusiyanın rolunu xüsusi vurğulayıb.

İsmayıl Hacıyev qeyd edib ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını təşkil edir. O, Konstitusiyanın qəbul olunmasından ötən 30 il ərzində ölkəmizin keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışının dövlət quruculuğu prosesinə verdiyi mühüm töhfələrdən danışıb. Akademik vurğulayıb ki, həmin dövrdə mövcud olan mürəkkəb ictimai-siyasi problemlərin həlli, o cümlədən Ermənistanla aparılan danışıqlar prosesində əldə olunan uğurlar dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edib.

Akademik İsmayıl Hacıyev çıxışında həmçinin vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrik dövlətçilik siyasəti nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın milli iradəsini, azadlıq ruhunu və demokratik dəyərlərə sadiqliyini əks etdirən möhtəşəm hüquqi sənəddir. O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsipləri uğurla həyata keçirilir, dövlətimizin müstəqilliyi daha da möhkəmlənir, insan hüquq və azadlıqlarının təminatı, sosial ədalət və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər əldə olunur. Akademik bildirib ki, müasir dövrdə Azərbaycan Konstitusiyası həm hüquqi, həm də siyasi baxımdan milli inkişafın və dövlət suverenliyinin əsas təminatçısına çevrilib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası demokratik prinsiplərə əsaslanaraq insan hüquq və azadlıqlarını, dövlətin idarəçilik mexanizmlərini və hakimiyyət bölgüsünü aydın şəkildə müəyyən edən ən mükəmməl və müasir konstitusiyalardan biridir.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının baş müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilov “Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin suverenliyi və siyasi inkişafının hüquqi qarantıdır” mövzusunda məruzə edib.

Yunis Xəlilov məruzəsində Konstitusiyada 2002, 2009 və 2016-cı illərdə aparılmış islahatların mahiyyətindən bəhs edərək bildirib ki, bu dəyişikliklər ölkəmizin dinamik inkişafının göstəricisidir və dövlətin idarəetmə sisteminin müasirləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edib.

O, həmçinin qeyd edib ki, Azərbaycan Konstitusiyası “ən yeni nəsil” konstitusiyalar sırasına daxildir və onun üçdə bir hissəsi məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların deklarativ xarakter daşımadığını, onların praktik təminatının dövlətin əsas vəzifələrindən biri kimi müəyyən olunduğunu qeyd edib. Eyni zamanda, Femida sisteminin inkişafı barədə də məlumat verib.

Yunis Xəlilov çıxışında, həmçinin süni intellektlə bağlı Prezidentin imzaladığı sərəncamdan danışaraq, hüquq sisteminin rəqəmsallaşması məsələsinə toxunub. O vurğulayıb ki, rəqəmsal texnologiyaların tətbiqi, hüquqi məlumatların avtomatlaşdırılmış şəkildə işlənməsi və hüquq proseslərində süni intellektin istifadə imkanları Konstitusiyanın prinsiplərinə uyğun olaraq ədalətin, şəffaflığın və hüquqi səmərəliliyin təmin edilməsinə yönəlib.

Xəbər lenti