Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi, “PAŞA Holding” şirkəti, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi, Karyera və Məzunlarla İş Mərkəzi və “BDU könüllüləri”nin birgə təşkilatçılığı ilə “Şəbəkələşmə görüşü” keçirilib.
Bu barədə TƏHSİL.BİZ-ə BDU-dan bildirilib.
“PAŞA Holding”in işə qəbul üzrə baş mütəxəssisi Fidan Xubanlı və insan resursları üzrə inzibati köməkçisi Zülfiyyə Heydərovanın iştirakı ilə təşkil olunan görüşdə tələbələrə karyera planlaması, işə qəbul prosesinin mərhələləri, CV hazırlanması və müsahibələr zamanı diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat verilib. İştirakçılar “PAŞA Holding”in fəaliyyət istiqamətləri, təcrübə proqramları və gənclər üçün təklif etdiyi karyera imkanları ilə də tanış olublar.
Daha sonra tələbələr öz CV-lərini təqdim edərək, təlimçilərdən fərdi rəy və tövsiyələr alıblar. Bununla onlar CV-lərində olan çatışmazlıqları müəyyənləşdirib, işəgötürənlərin prioritet hesab etdiyi məqamları öyrəniblər.
Sessiyanın sonunda tələbələrin sualları cavablandırılıb.