Türk Dünyası Strateji Düşüncə Mərkəzinin (TÜMER) İdarə Heyətinin sədri Onur Beyhanın rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeydən TƏHSİL.BİZ-ə bildirilib ki, ziyarət zamanı Azərbaycan ədəbiyyatı ilə tanış olan qonaqlar klassik ədəbiyyatın görkəmli nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrə daha çox maraq göstəriblər. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Aysel Məhərrəmovanın müşayiəti ilə keçirilən ekskursiyada Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər klassiklərin irsi barədə müfəssəl məlumat verilib.
Sonda muzeyin rəylər və təəssüratlar kitabına “Azərbaycan tarixini yenidən yaşamış kimi oldum” – ürək sözlərini qeyd edən qonaqlar Azərbaycanın zəngin ədəbi irsinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.