Logo

AzMİU-da “Təhsildə İdarəçilik Forumu 2025” keçirilib

27.05.2025 16:51 307 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Təhsildə İdarəçilik Forumu 2025” keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan bildirilib. Universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov, “EDU Company” Təhsil Şirkətinin təsisçisi və baş direktor Samir Əzizov forumun açılışında çıxış edərək bu cür tədbirlərin təhsil islahatlarının sürətləndirilməsində olan əhəmiyyətli roluna toxunublar.

Forumun moderatoru Bakı Mühəndislik Universitetinin baş müəllimi və Tələbə Elmi Cəmiyyətinin rəhbəri Bəhman Qüdsi olub. Əsas çıxışçılar sırasında Milli Məclisin deputatları Ceyhun Məmmədov, Razi Nurullayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və təhsil eksperti Nadir İsrafilov yer alıblar.

Forumun spikerləri isə Milli Məclisin deputatları Elman Nəsirov, Müşfiq Məmmədli, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova, “EDU Company” Təhsil Şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Fidan Həsənova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı, təhsil və karyera planlaması üzrə ekspert Adil Vəliyev olub.

Forumda təhsildə idarəçilik sahəsində çağırışlar və perspektivlər, ali təhsildə idarəetmə modelləri, tələbə-gənclərin qərarvermə proseslərində rolu və dövlət dəstəyi kimi vacib məsələlər müzakirə olunub.

Tədbir iştirakçıları təhsildə liderliyin inkişaf etdirilməsi üçün konkret təkliflər səsləndirərək, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi çağırışı ilə çıxış ediblər.

Forumun sonunda iştirakçılar üçün musiqili-mədəni proqram təşkil olunub. Azərbaycan musiqisinin incilərindən ibarət xalq mahnıları və bədii kompozisiyalar tədbirə xüsusi rəng qatıb.

Xəbər lenti