Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türk dünyası və Piri Türküstan: Yəsəvi yolu və irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransın əsas məqsədi böyük türk sufi alimi Xoca Əhməd Yəsəvinin mənəvi və mədəni irsinin Türk dünyasında rolu və əhəmiyyətini elmi aspektdən araşdırmaq, bu irsin müasir dövrdəki təsirlərini işıqlandırmaq və ortaq mədəni yaddaşı möhkəmləndirməkdir.
Konfrans çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ilə iştirakçılar arasında görüş keçirilib, elm və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
ADPU-nun rektoru professor Cəfər Cəfərov konfransı açaraq, Xoca Əhməd Yəsəvinin Türk dünyasında mənəvi və mədəni rolu haqqında çıxış edib. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı, Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru professor Mətin Orbay, konfransın Təşkilat Komitəsinin üzvü professor Sədullah Gültən çıxış ediblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyevin moderatorluğu ilə keçirilən konfransın açılış panelində Türkiyənin Milli Müdafiə Universitetinin dekanı professor İbrahim Ethem Atnur “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı”, Ankara Universitetinin professoru Abdullah Gündoğdu isə “Şah İsmayıl və Türk dünyası” mövzularında çıxış edərək Türk dünyası və Azərbaycan–Türkiyə münasibətlərinin tarixi, mədəni və siyasi aspektlərini müzakirə ediblər.
Konfransın birinci panelində “Əhməd Yəsəvinin qəbilə mənsubiyyəti haqqında görüşlər”, “Xoca Əhməd Yəsəvinin mənəvi irsinin təhlili: mənqəbələrin ruhani yolçuluğu”, “Osmanlı paytaxtında Yəsəvi irsi: XIX əsrdə özbək təkkələri”, “Yəsəvilik qaynaqları ilə bağlı mübahisələr və yeni yanaşmalar”, “Əhməd Yəsəvi irsi: türk xalqlarının ortaq mədəniyyət nümunəsi kimi” mövzularında məruzələr dinlənilib. İkinci paneldə isə “Anadolunun fəthində Xoy mənşəli mütəsəvviflər”, “Türkiyədə milli kimliyin formalaşmasında din anlayışı: Yəsəvilik nümunəsi”, “Əhməd Yəsəvi türbəsinin dünyaşöhrəti və turizm potensialı”, “Türk dünyasında müqəddəs məkanlar və onların sosial funksiyaları”, “Övliya Çələbiyə görə Azərbaycanda yəsəvilik izləri” və “Bakı və onun tarixi kimliyi” mövzularında çıxışlar olub.
Konfransda, həmçinin Özbəkistanın Fərqanə Universitetinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Əhməd Yəsəvinin tarixi şəxsiyyəti, mənəvi irsi, yəsəvilik düşüncəsinin Osmanlı və Azərbaycan ərazilərində yayılması, müqəddəs məkanların sosial funksiyaları, Yəsəvi türbəsinin turizm potensialı və digər aktual mövzular geniş şəkildə müzakirə olunub.
Qeyd edək ki, konfranslar silsiləsi Ankara Hacı Bayram Vəli Universiteti tərəfindən irəli sürülən layihə əsasında türkdilli dövlətlərdə mənəvi birliyi möhkəmlətmək məqsədilə icra olunur.