Bakı Dövlət Universitetində (BDU) V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında mayın 19-da keçirilmiş seçmə imtahanının nəticələrinə əsasən, XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (İOAA 2025) ölkəmizi təmsil edəcək 5 nəfərlik komandanın üzvləri müəyyənləşib.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.
Olimpiada avqustun 10-dan 20-dək Hindistanın Mumbay şəhərində keçiriləcək.
Azərbaycan komandası builki Olimpiadada Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.