“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı 1 iyun 2025-ci il tarixində keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, imtahanla bağlı təlimat və buraxılış vərəqəsi yaxın günlərdə iştirakçıların şəxsi kabinetinə göndəriləcək.
İmtahan iki sessiyada təşkil olunacaq. Saat 10:00-da başlayacaq birinci sessiyanın iştirakçıları üçün qeydiyyat 09:00-dan 09:45-ə qədər aparılacaq. İkinci sessiya isə saat 16:00-da start götürəcək və bu sessiyanın iştirakçıları imtahan mərkəzinə 15:00-dan 15:45-ə qədər daxil ola biləcəklər.
İdarəetmə bacarıqları imtahanı 3 saat 45 dəqiqə davam edəcək. İmtahan “Situasiya mühakimə testləri” blokunda 2 saat ərzində 62 tapşırıq, “Emosional zəka” blokunda 1 saat 45 dəqiqə ərzində 60 tapşırıq olmaqla, cəmi 122 tapşırıqdan ibarət olacaq.