Mayın 26-da Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik ili” Tədbirlər Planı çərçivəsində “Yeni dövrün gəncliyi” mövzusunda I Respublika tələbə-şagird elmi-praktik konfransı təşkil olunub. BSU-nun rektoru Anar Nağıyevin təşəbbüsü ilə baş tutan tədbirdə Bakı, Naxçıvan və Quba şəhərindən olan şagirdlər (ümumilikdə 7 ümumtəhsil müəssisəsindən 30-dan çox X-XI sinif şagirdləri), həmçinin regionlarda rektorla keçirilən “Yeni dövrün Azərbaycanı” adlı seminarların fəal şagirdləri iştirak ediblər.
Konfransın əsas məqsədi tələbə və şagirdlər arasında dövlətçilik, ideoloji məsələlər, təhsil sahəsində milli-mənəvi dəyərlərin təbliği və orta məktəblərlə ali təhsil müəssisələri arasında əlaqələrin yeni çağırışlara uyğun təşkil edilməsi kimi aktual mövzular ətrafında fikir mübadiləsini təşviq etməkdir.
Konfrans çərçivəsində BSU-nun rektoru Anar Nağıyev tələbə və şagirdlərlə, o cümlədən “BSU-nun ulduzları”- Quba şəhəri Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin IX sinif şagirdi Zamiq Şükürov, Naxçıvan Muxtar Respublikasının Heydər Əliyev adına tam orta məktəbinin IX sinif şagirdi Fərid Nəzərli və Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin şagirdi Ziya Qaraşov ilə görüşüb, onlarla səmimi fikir mübadiləsi aparıb. Rektor A.Nağıyev gənclərə təhsil və inkişaf yolunda uğurlar arzulayıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Plenar iclasla davam edən konfrans zamanı BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Xədicə Məhərrəmova cəmiyyətin fəaliyyətini, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Fatimə Bağırzadə isə təşkilatın əsas istiqamətlərini iştirakçıların diqqətinə çatdırıb. Quba şəhəri, Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin IX sinif şagirdi Zamiq Şükürov çıxışı zamanı “The Right Way” (“Doğru yol”) layihəsi barədə ətraflı məlumat verib.
Daha sonra konfransın elmi hissəsi “ Yeni dövrün gəncliyi” mövzusunda panel müzakirələri formatında davam etdirilib. Müzakirələr zamanı “Yeni dövrün gəncliyi”,“Tələbə gənclər təşkilatlarının ali təhsil müəssisələrində rolu”, “Müasir dövr gəncliyinin apardığı araşdırmalar”,“Qarabağ Zəfəri və yeni dövrün gəncliyi”, “Gənclərin təhsil və vətəndaşlıq məsuliyyətinə baxışı”, “Gənclərin milli-mənəvi dəyərlərə bağlılığı və təhsil prosesində bu dəyərlərin formalaşması” mövzularında geniş çıxışlar dinlənilib.
Konfransın praktik hissəsində isə tələbə və şagirdlər tərəfindən hazırlanmış üç layihənin – “Milli suverenlik və gənclik: vətəndaş məsuliyyəti”, “Kağızdan ekoloji gücə” və “Bir addım – bir dəyişim” adlı təşəbbüslərin təqdimatı keçirilib. Layihələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Sonda konfrans iştirakçıları sertifikatla təltif olunublar.