Logo

SDU və Malatya Turqut Özal Universiteti rəhbərliyi arasında görüş keçirilib

26.05.2025 11:57 91 baxış
IMG

Mayın 22-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində universitetin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Malatya Turqut Özal Universitetinin rektoru, professor Recep Bentlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Əminağa Sadıqov qonaqları salamlayaraq onlara Sumqayıt şəhəri və SDU haqqında ətraflı məlumat verib. Bildirib ki, gənclər şəhəri olan Sumqayıt Azərbaycanın mühüm sənaye mərkəzlərindən biridir, sürətlə inkişaf edir və daim genişlənir. Sumqayıtda yerləşən sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində SDU-nun professor-müəllim heyəti və tələbələri müxtəlif təcrübə proqramlarında iştirak edirlər, tədrisin məzmununun yenilənməsində onların təcrübəsindən istifadə edilir. SDU Sumqayıtın sənaye potensialına uyğun olaraq, yüksəkixtisaslı kadrların hazırlanmasını həyata keçirir.

Əminağa Sadıqov 2024-cü ilin nəticələrinə əsasən, SDU-nun QS-in Avropa Universitetlərinin Reytinqində 483-cü, Qərbi Asiya universitetləri arasında isə 31-ci yerdə qərarlaşdığını qonaqların diqqətinə çatdırıb. Həmçinin universitetin beynəlxalq əlaqələrinin son dövrlərdə daha da genişləndirilməsini və xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq edildiyini vurğulayıb. Malatya Turqut Özal Universiteti ilə SDU arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ortaq akademik fəaliyyətlərin təşkilinin bir göstəricisi olaraq “Türkdilli dövlətlərin iqtisadi resurslarından səmərəli istifadənin aktual problemləri” mövzusunda I Beynəlxalq elmi konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb və birgə əməkdaşlığa görə təşəkkürünü bildirib.

Daha sonra Malatya Turqut Özal Universitetinin rektoru, professor Recep Bentli səmimi qəbula görə təşəkkürünü bildirib və rəhbərlik etdiyi universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Malatya Turqut Özal Universiteti Türkiyədə fəaliyyət göstərən 208 universitetdən biridir və Malatya şəhərində təsis olunmuş ikinci ali təhsil müəssisəsidir. Gənc universitet olmasına baxmayaraq, universitetin akademik heyətinin əzmkarlığı, eləcə də göstərilən ciddi səylər nəticəsində reytinqlərdə əhəmiyyətli yüksəlişə nail olunub. SDU-nun və Malatya Turqut Özal Universitetinin prorektorlarının da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

 

 

 

 


 

Xəbər lenti