Logo

ADPU-nun Şamaxı filialında “Aləmdə səsim var mənim...” Respublika elmi konfransı keçirilib

26.05.2025 12:16 164 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Şamaxı rayon İcra Hakimiyyəti, ADPU və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və maarif xadimi Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim...” Respublika elmi konfransı keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Seyid Əzim Şirvaninin məzarını ziyarət edərək görkəmli şairin xatirəsini dərin ehtiramla yad ediblər.

Şamaxı rayon Mədəniyyət mərkəzində keçirilən açılış mərasimində ADPU rəhbərliyi, Şamaxı rayon İcra Hakimiyyətinin rəsmiləri, Azərbaycan Yazıçıları Birliyinin Şirvan bölməsinin şair və yazarları, respublikanın nüfüzlu elm və təhsil ocaqlarından olan alim və tədqiqatçılar, Şamaxı təhsil nümayəndələri, filial rəhbərliyi, məzunları və tələbələri iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov konfransın açılış mərasimindəki nitqində Seyid Əzim Şirvaninin maarifçilik fəaliyyəti və pedaqoji yanaşmaları barədə danışıb. Rektor şairin məktəb və müəllim anlayışlarına verdiyi önəmi diqqətə çatdıraraq, onun müasirlərinə ünvanladığı maarifçi çağırışların bu gün də müəllim hazırlığı sahəsində öz aktuallığını qoruduğunu bildirib.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Seyid Əzim Şirvani kimi şəxsiyyətlərin irsi bu gün gənc nəslin tərbiyəsində, onların milli-mənəvi dəyərlərlə yetişməsində əvəzsiz rol oynayır. T.Məmmədov bu istiqamətli tədbirlərin həm də milli kimliyimizin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova konfransdakı çıxışında Seyid Əzim Şirvaninin ədəbi irsinin klassik Azərbaycan poeziyasında tutduğu mühüm mövqedən bəhs edib. M.Hüseynova bildirib ki, Seyid Əzim Şirvani təkcə dövrünün deyil, ümumilikdə Azərbaycan ədəbiyyatının böyük söz ustadlarından biridir. Qeyd edilib ki, şairin yaradıcılığı həm forma, həm də məzmun baxımından zəngin olmaqla, realizm, satira və didaktikanın uğurlu vəhdətini təcəssüm etdirir. 

ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova çıxışında konfransın elmi, pedaqoji və mənəvi əhəmiyyətindən bəhs edərək, qeyd edib ki, xalqın təməl prinsipləri olan ana dilinə sevgi, şəxsiyyətə hörmət, mənəvi dəyərlərə sadiqlik Seyid Əzim yaradıcılığının əsasını təşkil edir. Onun ideyaları Azərbaycan müəllimi üçün bələdçidir. 

Açılış mərasimi Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının və Şamaxı filialının tələbələrinin ifasında Seyid Əzim Şirvaninin qəzəllərindən ibarət kompozisiya ilə davam edib.

Açılış mərasimindən sonra konfrans öz işini 6 bölmədə ümumilikdə 200-dən artıq məqalə sayı ilə ADPU-nun Şamaxı filialında davam etdirib. Tədqiqatçılar Seyid Əzim Şirvaninin poeziyası, pedaqoji baxışları, ədəbi mühiti və dövrünün ictimai-siyasi prosesləri ilə bağlı araşdırmalarla yanaşı digər aktual mövzularla çıxış ediblər.

Xəbər lenti