Logo

Şərqşünas-alim Şuşanın yazılı abidələri haqqında məruzə edib

22.05.2025 14:35 38 baxış
IMG

Mayın 22-də Quba Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda vebinar keçirilib.

Şərqşünaslıq İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, maarifləndirilmə məqsədilə təşkil olunmuş vebinarda kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Şuşa şəhərinin tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngin olduğunu bildirib.

Vebinarda AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, institutun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri dosent Elnur Mustafayev məruzə ilə çıxış edib. O, Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb.

Dosent Elnur Mustafayevin məruzəsi Şuşa şəhərində inşa edilmiş tarixi abidələrə aid inşaat kitabələri və yazılar əsasında elmi-mədəni mühitlə bağlı mövzuları əhatə edib. Epiqrafik abidələrin tədqiqinin elmi əhəmiyyətindən danışan məruzəçi, həmçinin Məşədi Şükür Mirsiyab oğlunun karvansarayındakı kitabələrdə yazılanlar, burada elm, təhsil, tarix və mədəni proseslər haqqında ətraflı bəhs edib.

Məruzədə 1905-1906-cı illərdə mütəşəkkil erməni silahlı dəstələrinin Azərbaycanın müxtəlif şəhər və bölgələrində dinc azərbaycanlı müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlardan söhbət açılıb, bu soyqırımların baş verdiyi şəhərlərdən birinin də Şuşa olduğu qeyd edilib. Elnur Mustafayev 2022-ci ilin iyun-iyul aylarında elmi-tədqiqat məqsədilə Şuşa şəhərinə gedərkən aşkarladığı epiqrafik abidələrdə bu dəhşətli cinayətlərin əks olunduğunu müəyyən edib. Belə ki, onun aşkarladığı bəzi məzar daşlarında ərəb və fars dillərində ermənilərin azərbaycanlı dinc müsəlman əhalini qətlə yetirdiyi haqda məlumatlar həkk olunub.

Elnur Mustafayev onu da bildirib ki, epiqrafik abidələr, ümumilikdə maddi-mədəni irsə aid olduğu ərazinin və orada yaşayan əhalinin tarixini, eyni zamanda, onların həmin ərazilərdə mövcudluğunu isbat edən ən mühüm sübutlardan biri hesab olunur. Bununla yanaşı, daş kitabələr aid olduğu dövrün milli, dini, mədəni, ictimai düşüncə tərzini, həmçinin cərəyan edən hadisələri öyrənmək üçün ən yaxşı vasitələrdən biridir. Gələcək nəsillərə tarixi irsimiz və zəngin mədəniyyətimiz haqqında daha geniş məlumatları ötürmək üçün bu qəbildən olan abidələr böyük əhəmiyyətə malikdir.



 

Xəbər lenti