Logo

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

19.05.2025 16:58 60 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqının dəstəyi, Xarici dillər kafedrası və “English Zone” klubunun  təşkilatçılığı ilə əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı mədəniyyətlərarası tədbir təşkil olunub.

Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib.

Ayrı-ayrı ölkələrdən olan tələbələr arasında mədəni müxtəlifliyi təşviq etmək, qarşılıqlı anlaşma və tolerantlıq mühitini gücləndirmək məqsədi daşıyan tədbirdə açılış nitqi ilə çıxış edən Xarici dillər kafedrasının müdiri, dosent Nərminə Əliyeva universitetin multikultural dəyərlərə verdiyi əhəmiyyətdən danışıb. Bildirib ki, belə tədbirlər tələbələrin yalnız akademik deyil, sosial və mədəni baxımdan da inkişafına şərait yaradır, onların dünyagörüşünün genişlənməsinə, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.

Layihənin rəhbəri, adıçəkliən kafedranın baş müəllimi Sevda Hüseynova isə çıxışında tədbirin ideyası və məqsədlərindən danışıb. Qeyd edib ki, “Cultural Crossroads” layihəsi tələbələr arasında multikultural mühitin formalaşdırılması və fərqli mədəniyyətlərə hörmətlə yanaşma vərdişinin aşılanması baxımından böyük əhəmiyyət kəsb edir.

Tədbir çərçivəsində iştirakçılar öz milli kimliklərini ifadə edərək mədəni dəyərlərini bölüşüb, müxtəlif ölkələrin adət-ənənələri, həyat tərzi və dünyagörüşləri haqqında ətraflı məlumatlar tədqim ediblər. Türkiyə, Rusiya, Pakistan, Əfqanıstan, Çad, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan tələbələr mədəniyyətlərarası fərqlərdən doğan maraqlı və əyləncəli məqamları interaktiv şəkildə nümayiş etdirmək üçün xüsusi rol oyunları və səhnəciklər hazırlayıblar.

Tələbələrin hazırladığı çıxışlar, həm əyləncəli, həm maarifləndirici məzmunu ilə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

 

 


 

Xəbər lenti