Logo

Qazax məktəbliləri bullinqə qarşı fləş-mob keçirib

19.05.2025 13:13 31 baxış
IMG

Qazax şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri Elm və Təhsil Nazirliyinin VIII Qrant Müsabiqəsinin qalibi olan "Mən qorxuya qalib gəldim" layihəsi çərçivəsində bullinqə qarşı sivil və yaradıcı şəkildə etiraz ediblər. 12 may 2025-ci il tarixində keçirilən fləş-mob ilə onlar həm cəmiyyətə güclü mesaj verib, həm də şəxsi inkişaf baxımından mühüm bir addım atıblar.

TƏHSİL.BİZ  xəbər verir ki, aksiya çərçivəsində şagirdlər öz əlləri ilə dizayn etdikləri köynəklər, papaqlar və plakatlarla Qazax şəhərinin mərkəzi küçəsində fləş-mob keçiriblər. Onlar əhaliyə bullinqə qarşı maarifləndirici çağırışlar edib, əl-ələ tutaraq həm mahnı oxuyub, həm də rəqs ediblər. Tədbir boyu polis əməkdaşları tərəfindən təhlükəsizlik tam şəkildə təmin olunub.

Layihənin rəhbəri Nailə Əfəndiyevanın sözlərinə görə, bu fəaliyyət şagirdlərə sadəcə sosial məsuliyyət hissini aşılamaqla qalmayıb, həm də onlara haqsızlığa qarşı sivil şəkildə etiraz etməyin yollarını öyrədib.

Nailə Əfəndiyeva qeyd edib:

"Uşaqlar bu aksiyada həm özlərini ifadə etdilər, həm də real həyatda sosial ədalətsizliklərə qarşı necə mübarizə aparmağın yollarını öyrəndilər. Onların psixologiyasına bu cür çıxışlar çox müsbət təsir edir".

Təlimçi Şəlalə Məhərrəmova da layihə boyunca şagirdlərlə birgə çalışaraq onların təşəbbüslərinə dəstək olub, təşəbbüskarlıq və komanda ruhunu gücləndirib.

Bu layihə həm də bullinqin qarşısının alınmasında təkcə məktəblərin deyil, cəmiyyətin də böyük məsuliyyət daşıdığını bir daha göstərib.

 

 

 

 


 

Xəbər lenti