Logo

“Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi yekunlaşıb

15.05.2025 17:17 36 baxış
IMG

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün keçirilən görüşlər başa çatıb.

TƏHSİL.BİZ  xəbər verir ki, Lənkəran şəhərində keçirilən sonuncu görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Afiq Məlikov tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri barədə interaktiv sessiya, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov tərəfindən isə özünüinkişaf və karyera planlamasına dair praktik məşğələlər təşkil edilib, şagirdlərə şəxsi məqsədlərin müəyyən olunması və gələcək karyera istiqamətlərinin planlaşdırılması üzrə məlumat verilib.

Qeyd edək ki, layihənin növbəti mərhələsində uşaqları maarifləndirmək və onların ekoloji düşüncəsini formalaşdırmaq məqsədilə Bakı, Şəki və Lənkəran şəhərlərində yerləşən qoruqlar və milli parklara “yaşıl könüllülər” üçün maarifləndirici ekskursiyaların təşkili nəzərdə tutulur. Bu ekskursiyalar zamanı iştirakçılara biomüxtəliflik, ətraf mühitin qorunması və davamlı inkişaf prinsipləri haqqında əyani məlumatlar veriləcək.

 

 

 

 


 

Xəbər lenti