Tədbirdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və Müasir Azərbaycan dili kafedrasının müdiri Könül Səmədova da iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Tarix-filologiya fakültəsinin dekanı dosent Arif Ağalarov professor Mahirə Hüseynovanın universitetin elmi və pedaqoji mühitinə verdiyi töhfələrdən bəhs etmişdir. O, alimin Azərbaycan elminə və təhsilinə göstərdiyi xidmətlərin gənc nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır.
Professor Mahirə Hüseynova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən söz açaraq bildirmişdir ki, Ümummilli Liderin təməlini qoyduğu dövlətçilik ideyaları bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir. Dahi şəxsiyyət Heydər Əliyevin ana dilimizi yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyimizin, mənəviyyatımız və mədəniyyətimizin əsası kimi dəyərləndirdiyini alim xüsusi olaraq vurğulamışdır.